Xəbər lenti

5 ildə bütün dünyada içki içənlərin sayı azalacaq - Yeni statistika
Dünya 20:24 12.06.2026

5 ildə bütün dünyada içki içənlərin sayı azalacaq - Yeni statistika

Dəyişən istehlakçı davranışları və artan iqtisadi təzyiqlər qlobal içki sənayesində yeni tendensiyalar formalaşdırır. Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə dünyanın əsas alkoqol bazarlarında istehlak azalacaq.

Qaynarinfo xəbər verir ki, qlobal alkoqol bazarı üzrə araşdırmalar aparan IWSR şirkətinin 160 bazarı əhatə edən ilk 10 illik proqnozuna görə, distillə edilmiş spirtli içkilər, pivə və şərab istehlakı 2024–2025-ci illərdə 2% azalıb və bu tendensiyanın 2031-ci ildən sonra da davam edəcəyi gözlənilir.

Araşdırmaya əsasən, qanuni içki yaşında olan dünya əhalisinin sayının 9% artacağı proqnozlaşdırılsa da, 2035-ci ildə ümumi alkoqol istehlakı həcmi 2025-ci illə müqayisədə 1% aşağı olacaq.

Mütəxəssislər bildirirlər ki, adambaşına düşən illik alkoqol istehlakının növbəti on il ərzində təxminən yarım litr azalacağı gözlənilir.

Ən böyük azalma Çin və ABŞ-da olacaq

Proqnozlara görə, dünyanın ən böyük alkoqol bazarlarından olan Çin və ABŞ-da istehlak həcmi 2035-ci ilə qədər təxminən 20% azalacaq.

Bundan əlavə, Almaniyada alkoqol istehlakının 14%, Böyük Britaniyada 13%, Yaponiyada isə 15% azalacağı gözlənilir.

İnkişaf etməkdə olan bazarlarda artım gözlənilir

Ənənəvi bazarlardan fərqli olaraq, Hindistan, Meksika, Vyetnam və Kolumbiya kimi inkişaf etməkdə olan ölkələrdə alkoqollu içkilərə tələbatın artacağı proqnozlaşdırılır.

Araşdırmaya görə, 2025–2035-ci illər ərzində içki porsiyalarının sayı Meksikada 13%, Vyetnamda 15%, Kolumbiyada 26%, Hindistanda isə 38% artacaq.

IWSR-in baş direktoru Marten Lodeveyks bildirib ki, 2035-ci ildə alkoqol bazarı bugünkü mənzərədən əhəmiyyətli dərəcədə fərqlənəcək.

Şərab ən çox itirəcək

Araşdırmada qeyd olunur ki, 2025–2035-ci illər arasında qlobal şərab istehlakı 14% azalacaq. Distillə edilmiş içkilərdə azalma 2%, pivədə isə təxminən 1% səviyyəsində olacaq.

Bununla yanaşı, əvvəlcədən hazırlanmış kokteyllər və digər hazır içim (RTD) məhsulları bazarının sürətlə böyüməsi gözlənilir. Mütəxəssislər bu seqmentdə qlobal istehlakın 17% artacağını proqnozlaşdırırlar.

IWSR-in məlumatına görə, hazır içim məhsullarının qlobal satış həcmi 2025-ci ildə ilk dəfə 1 milyard 9 litrlik qutu həddini keçib və bu artımın yaxın illərdə də davam edəcəyi gözlənilir.

Günay
--> -->