Xəbər lenti

82 yaşlı Bayden xərçəng şişinin çıxarılması əməliyyatı keçirdi
Dünya 09:36 05.09.2025

82 yaşlı Bayden xərçəng şişinin çıxarılması əməliyyatı keçirdi

ABŞ-ın sabiq prezidenti Co Bayden alnındakı xərçəng hüceyrələrinin çıxarılması prosedurundan keçib. Ona "Moos əməliyyatı” icra olunub – bu metodda dəri üzərində xərçəng izləri qalmayana qədər toxumalar çıxarılır. Bu barədə onun mətbuat katibi məlumat verib. Qeyd edilib ki, Baydenin həyat yoldaşı Cillə də 2023-cü ildə sağ gözünün üstündən eyni əməliyyat olunmuşdu. Daha əvvəl internetdə 82 yaşlı Baydenin Delaver ştatında kilsədən alnında sarğı ilə çıxarkən görüntüləri yayılmışdı. 

Qaynarinfo "The Times”a istinadla yazır ki, bu, onun xərçənglə ilk mübarizəsi deyil. Prezident seçilməmişdən əvvəl də onun dəri xərçənginin qeyri-melanoma növləri çıxarılmışdı. 2023-cü ilin fevralında döş qəfəsindən bazal hüceyrəli karsinoma götürülmüş, bu ilin mayında isə o, prostat vəzi xərçənginin sümüyə yayılmış aqressiv formasının aşkarlandığını elan etmişdi.

"Xərçəng hamımıza aiddir. Sizin bir çoxunuz kimi biz də Cilllə başa düşdük ki, sındığımız nöqtədə daha da güclənirik. Sevginiz və dəstəyinizlə bizi dirçəltdiyiniz üçün təşəkkür edirik”, – o zaman Bayden X (Twitter)-də yazmışdı.

İyunda, diaqnoz açıqlanandan sonra ilk ictimai çıxışında Bayden "optimist” olduğunu bildirmişdi. O həmçinin müalicəyə başladıqdan sonra "özünü yaxşı hiss etdiyini” qeyd etmişdi. Müalicə gündəlik dərman qəbulu üzərində qurulub.

"Gözləntilər belədir ki, biz bunu məğlub edə biləcəyik… Xərçəng heç bir orqana təsir etməyib. Sümüklərim möhkəmdir. Xəstəlik daha irəli getməyib, buna görə də özümü yaxşı hiss edirəm”, – Bayden Delaverdə Anım Günü münasibətilə keçirilən mərasimdən sonra jurnalistlərə demişdi.

O əlavə etmişdi ki, "dünyanın ən yaxşı cərrahlarından biri” ilə işləyir və həmin həkim özü də eyni tip xərçənglə qarşılaşıb. Baydenə diaqnoz qoyulanda onun Qlison göstəricisi 9 olmuşdu. Qlison şkalası prostat vəzi şişlərinin hüceyrələrinin mikroskop altında aqressivlik dərəcəsini ölçür. 9 və 10 bal ən aqressiv hesab olunur.

Xatırladaq ki, Baydenin böyük oğlu Bo 2015-ci ildə, atasının Barak Obamanın vitse-prezidenti olduğu dövrdə, 46 yaşında qlioblastomadan dünyasını dəyişmişdi.

ABŞ-ın hazırkı prezidenti Donald Tramp dəfələrlə Co Baydeni tənqid edib. Tramp xüsusilə Ukrayna ilə Rusiya arasındakı müharibədən danışarkən Baydenin adını tez-tez çəkir. Sonuncu dəfə isə Tramp bildirib ki, Demokrat Partiyası əvvəlki illərdə Ukraynaya Rusiyaya zərbə endirməyə icazə verməyib.

Eyni zamanda Bayden də Trampı tənqid etmişdi: "Qaranlıq zamanlardır, amma hamınız burada eyni səbəbdən toplaşmısınız. Çünki gələcəyimiz sözün əsl mənasında təhlükə altındadır. Biz gələcəyimiz uğrunda açıq şəkildə mübarizə aparmalıyıq”, – deyə ABŞ-ın sabiq prezidenti bildirmişdi.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->