Xəbər lenti

ABŞ-da itkin düşən və ölən alimlər: Planlı sui-qəsdlər ola bilərmi?
Dünya 23:22 18.04.2026

ABŞ-da itkin düşən və ölən alimlər: Planlı sui-qəsdlər ola bilərmi?

ABŞ-da müdafiə, kosmos və nüvə texnologiyaları ilə əlaqəli bəzi şəxslərin ard-arda itkin düşməsi və ya şübhəli şəkildə həyatını itirməsi diqqətləri bu hadisələrə yönəldib. Rəsmi olaraq təsdiqlənmiş bir casusluq əməliyyatı olmasa da, hadisələrin zamanlaması və şəxslərin peşə profilləri şübhələri artırır.

Qaynarinfo xəbər verir ki, ABŞ-da son aylarda elm adamları, müdafiə layihələrində çalışan tədqiqatçılar və kritik texnologiya sahələrində fəaliyyət göstərmiş bəzi şəxslərin itkin düşməsi və ya şübhəli ölümləri ölkədə yeni müzakirə dalğası yaradıb. Xüsusilə kosmos, raket texnologiyaları, nüvə araşdırmaları və yüksək texnologiya kimi həssas sahələrlə əlaqəli adların ard-arda gündəmə gəlməsi bu hadisələrin təsadüf olub-olmaması sualını gücləndirir. Keçmiş FTB rəsmilərindən Kris Svikerin xarici kəşfiyyat ehtimalı barədə açıqlaması isə müzakirələri daha da dərinləşdirib.

Hazırda rəsmi qurumlar tərəfindən bu hadisələrin vahid bir casusluq zəncirinin hissəsi olduğuna dair təsdiqlənmiş nəticə açıqlanmayıb. Lakin zamanlama, bəzi şəxslərin işlədiyi sahələr və bəzi işlərdəki qeyri-müəyyənliklər ABŞ ictimaiyyətində ciddi şübhələr yaradıb. Soyuq müharibədən bu yana strateji texnologiyalarda çalışan şəxslərin xarici kəşfiyyat orqanlarının diqqətində olduğu nəzərə alındıqda, bu hadisələr daha da diqqətçəkici görünür.

Eyni dövrdə gündəmə gələn itkin şəxslər

Müzakirənin mərkəzində qısa zaman aralığında ortaya çıxan itkin düşmə hadisələri dayanır. Bu şəxslərdən biri istefada olan Hərbi Hava Qüvvələri generalı Uilyam Nil MakKaslendlə bağlıdır. Nyu-Meksikoda itkin düşən MakKaslandın müdafiə və tədqiqat layihələri ilə əlaqəli keçmişi bu hadisəni sıradan bir itkin işi olmaktan çıxarır.

Eyni şəkildə NASA ilə əlaqəli mühəndis Monika Jacinto Rezanın gəzinti zamanı yoxa çıxması da geniş rezonans doğurub. Los Alamos Milli Laboratoriyasında çalışan Melissa Kasiasın itkin düşməsi isə müzakirələri daha da gücləndirib. Çünki Los Alamos adı birbaşa nüvə araşdırmaları və ABŞ-ın ən həssas elmi mərkəzlərindən biri ilə əlaqələndirilir. Keçmiş əməkdaş Entoni Çavesin də oxşar şəkildə itkin düşməsi bu hadisələrin eyni kontekstdə qiymətləndirilməsinə səbəb olub.

Bəzi hallarda şəxslərin telefon, avtomobil və şəxsi əşyalarını geridə qoyması şübhələri daha da artırır. Bununla belə, oxşar xüsusiyyətlərə malik itkin işlərinin mövcudluğu təkbaşına bir planı sübut etmir.


Şübhəli ölümlər müzakirəni dərinləşdirir

İtkin hadisələrlə yanaşı bəzi alimlərin ölümləri də diqqət mərkəzinə düşüb. Onlardan bəziləri öz evlərində ölü vəziyyətdə tapılıb, bəzi hallarda isə ölüm səbəbi ilə bağlı məlumatlar məhdud şəkildə açıqlanıb. Enerji, kosmos və yüksək texnologiya sahələrində çalışan şəxslərin bu siyahıda yer alması müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olur.

Bəzi işlərdə ilkin araşdırmalarda qətl şübhəsi təsdiqlənməsə də, motiv məsələsi tam aydınlaşdırılmayıb. Bu da müzakirələrin vahid yanaşma ilə aparılması çağırışlarını artırır.

Kəşfiyyat ehtimalı niyə gündəmdədir?

Keçmiş FTB rəsmisi Kris Svikerin fikrincə, raket mühərrikləri, nüvə texnologiyaları və kosmos araşdırmaları kimi sahələrdə çalışan mütəxəssislər uzun illərdir xarici kəşfiyyat orqanlarının hədəfindədir. Onun sözlərinə görə, bu qurumlar təkcə məlumat toplamaqla kifayətlənmir, bəzən təsir etmə, yönləndirmə və ya zərərsizləşdirmə kimi üsullardan da istifadə edə bilirlər.

Bu yanaşma tam yeni deyil. Soyuq müharibə dövründə də ABŞ və digər ölkələr arasında texnologiya yarışı gizli əməliyyatlarla paralel gedirdi. Lakin müasir dövrdə bu hadisələrin hər birinin avtomatik şəkildə kəşfiyyat əməliyyatı kimi qiymətləndirilməsi doğru sayılmır.


Rəsmi sübut yoxdur, amma suallar qalır

Hazırda ABŞ-da hüquq-mühafizə orqanları bu hadisələrin vahid bir casusluq planı olduğunu təsdiqləmir. Buna görə də ortada sübut olunmuş bir komplo ssenarisi yoxdur. Lakin bəzi işlərin hələ də açılmaması və motivlərin tam izah edilməməsi ictimai narahatlığı azaldmır.

Əsas diqqət çəkən məqam hadisələrin strateji texnologiya sahələri ilə bağlı şəxslər ətrafında cəmlənməsidir. Bu da hər bir hadisəyə daha həssas yanaşılmasına səbəb olur. Bəzi ekspertlər isə bu işlərin ayrı-ayrılıqda deyil, federal səviyyədə birlikdə araşdırılmasının daha doğru olacağını bildirir.

Nəticə olaraq, hazırda təsdiqlənmiş böyük bir casusluq əməliyyatı mövcud deyil. Lakin bu itkin və ölüm hadisələri ABŞ-da xüsusilə strateji texnologiya sahələrində çalışan şəxslərin təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurmaqda davam edir.

Aydın
--> -->