ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbard bir neçə həftə əvvəl yaxın müttəfiqlərlə Rusiya-Ukrayna sülh danışıqları barədə məlumatların paylaşılmamasını nəzərdə tutan direktiv imzalayıb.
Qaynarinfo xəbər verir ki, "CBS News”un kəşfiyyatdakı mənbələrə istinadən yazdığına görə, Qabbardın 20 iyul tarixli memorandumunda agentliklərə "Beş göz” alyansı – ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya ilə bu mövzuda məlumat mübadiləsi aparmamaq göstərişi
verilib.
"Rəsmilər bildiriblər ki, direktiv Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı bütün analitik material və məlumatları NOFORN (xaricilərə ötürülməsi qadağandır) qrifinə salıb. Bu isə o deməkdir ki, həmin məlumat digər ölkələrə və ya əcnəbi vətəndaşlara verilə bilməz”, – nəşr yazır.
Eyni zamanda, CBS News qeyd edir ki, memorandum ABŞ kəşfiyyat strukturlarının topladığı məlumatlar istisna olmaqla digər diplomatik kanallardan əldə edilən məlumatların paylaşılmasına və ya danışıqlarla bağlı olmayan hərbi-operativ məlumatların ötürülməsinə (məsələn, Ukrayna ordusunun müdafiə əməliyyatlarına kömək məqsədilə verilən məlumatlara) mane olmur.
Xatırladaq ki, ABŞ vitse-prezidenti Cey Di Vens daha əvvəl Avropa ölkələrinin Ukraynanın təhlükəsizlik təminatlarının xərclərinin "əsas yükünü” daşımalı olacağını bildirmişdi.
"Reuters” isə yazır ki, təhlükəsizlik təminatları ilə bağlı planlaşdırma işi davam edir, Vaşinqton isə hələ də "öz rolunun miqyasını müəyyənləşdirir”.
Mənbələrdən birinə görə, müzakirə edilən variantlardan biri Avropa qoşunlarının Ukraynaya göndərilməsi və onların üzərində nəzarət və idarəetmənin ABŞ-a verilməsi olub.
Alpər
Şərhlər