Xəbər lenti

Bakıda vətəndaş məhkəmədən özünün həbsini istədi - Hakim qərar verdi
Ölkə 17:33 08.04.2026

Bakıda vətəndaş məhkəmədən özünün həbsini istədi - Hakim qərar verdi

Bakıda içki aludəçiliyi olan şəxs məhkəmədən barəsində həbs qərarı çıxarılmasını xahiş edib.

Qaynarinfo-nun məlumatına görə, Nizami Rayon Məhkəməsinin hakimi Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə 1989-cu il təvəllüdlü H.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri üzrə tərtib edilmiş protokola baxılıb.

Məlum olub ki, H.V. sərxoş vəziyyətdə olarkən səbəbsiz yerə qonşusunun qapısını təpiklə vurub və bu səbəbdən də saxlanılıb. O, məhkəmə iclasında əməlini etiraf edərək alkoqol asılılığından qurtulmaq üçün barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edib.

H.V.-nin vəkili də müdafiə etdiyi şəxsin törətdiyi inzibati xətanı səmimi etiraf etdiyini bildirərək, onun müalicə və islah olunması məqsədilə qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini istəyib.

Məhkəmənin qərarı ilə H.V. 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Aydın
--> -->