ABŞ-da dünyanı 150 dəfə məhv etməyə kifayət edəcək qədər nüvə silahı mövcuddur, lakin ABŞ nüvə sınaqlarını dayandıran yeganə ölkə olmaq istəmir.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "CBS News"a
müsahibəsində deyib.
"Bizdə digər ölkələrdən daha çox nüvə silahı var. Nüvəsizləşdirmə ilə bağlı nəsə edilməlidir", – deyə Tramp bildirib.
Onun sözlərinə görə, bu məsələni Çin lideri Si Szinpin və Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib: "Bizdə dünyanı 150 dəfə partlatmağa kifayət qədər nüvə silahı var. Rusiyada da çox nüvə silahı var, Çin də çox sahib olacaq".
Tramp həmçinin qeyd edib ki, ABŞ sınaq aparmayan yeganə ölkə olmaq istəmir.
"Biz də digər ölkələr kimi nüvə sınaqları keçirəcəyik. Rusiya sınaq keçirir, Çin sınaq keçirir, amma onlar bu barədə susurlar. Biz açıq cəmiyyətik. Biz fərqliyik. Biz bu barədə açıq danışırıq", – deyə o, planlarını şərh edib.
Qeyd edək ki, oktyabrın sonunda Tramp Pentaqona nüvə silahı sınaqlarına başlamağı tapşırmışdı. Həmin vaxt o bildirmişdi ki, belə bir qərar qəbul etmək istəməyib, lakin "seçimi olmayıb".
Bu addım Konqresdə fikir ayrılığı yaradıb — respublikaçılar qərarı dəstəkləyib, demokratlar isə onu təhlükəli hesab ediblər.
Alpər
Şərhlər