Xəbər lenti

Türkiyə anbarlarda pas atan S-400-lərdən qurtula bilərmi?
Dünya 15:49 03.11.2025

Türkiyə anbarlarda pas atan S-400-lərdən qurtula bilərmi?

"Türkiyə S-400-ləri başqa ölkələrə sata bilər, amma onun Rusiyaya geri qaytarılması ehtimalı elə də böyük deyil"

Bunui Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Türkiyənin Rusiyadan aldığı və anbarlarda qalan, NATO-nun isə aktivləşdirməyə imkan vermədiyi S-400-lərlə bağlı nə edə biləcəyi sualına cavabında deyib.  

"S-400-ə gəldikdə, artıq S-500-lərin meydana çıxması ilə onlar köhnəlməyə doğru gedir. Belə vəziyyətdə Türkiyə S-400-ləri həmin zenit komplekslərinə marağı olan ölkələrə sata bilər. S-400-lərin gələcəyilə bağlı əsas ehtimal bundan ibarətdir. Rusiyaya geri qaytarmaq ehtimalına gəldikdə, bu ola da bilər, olmaya da. Bütün hallarda Türkiyənin sonsuza qədər S-400-ləri ambarda saxlayacağını düşünmürəm. Yaxın dönəmdə, ən azından gələn il bu məsələ ilə bağlı hər halda bir qərar veriləcək", deyə ekspert bildirib.  
 


Həmsöhbətimiz qeyd edir ki, Türkiyə təhdidlər altındadır:

"Türkiyənin Rusiyadan aldığı S-400-lər məsələsi hələ də qardaş ölkə üçün başağrısı olaraq qalmadadır. Türkiyə hələ də bu silahlardan istifadə edə bilmir. Bu yaxınlarda belə bir məlumat yayıldı ki, Rusiya S-400 zenit raket komplekslərini geri almaq istəyir. Amma sonradan bu məlumat təkzib olundu. Qardaş ölkə həm daxildə PKK-ya qarşı apardığı, həm də ölkə xaricindəki mübarizədə müəyyən qüvvələrin maraqlarına zərbələr endirir. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcə Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla görüşündən sonra beşinci nəsil F-35 qırıcıları proqramı, fikrimcə, bərpa olunub".

Üzeyir Cəfərov F-35-lərin Türkiyəyə veriləcəyinə şübhə etmir: 

"NATO-da da başa düşürlər ki, Türkiyə ordusu qurumun ən döyüşkən ordularından biridir. Ötə ayın son günlərində Böyük Britaniya ilə imzalanan müqaviləyə əsasən bu ölkədən "Eurofighter Typhoon” təyyarələrini alır. F-35 proqramından Türkiyənin bir qədər geri qalması isə ABŞ-ın əvvəlki adminstrasiyasının əlində bir bəhanə idi. Artıq o bəhanə də arxada qalıb. F-35-lər də dediyim kimi olacaq. Trampla Ərdoğan arasında son görüşdən sonra təmaslar sürətlənib. Eyni zamanda Türkiyə özünün hərbi-sənaye kompleksini inkişaf etdirir".

Qeyd edək ki, Türkiyənin Rusiyadan aldığı S-400-lərin taleyi qaranlıq olaraq qalır. 4 milyard dollara başa gəlmiş həmin HHM vasitələri anbarda qalıb, çünki ABŞ və NATO onu aktivləşdirməyə imkan verməyib. Eyni zamanda, Türkiyə özünün də iştirakçısı olduğu 5-ci nəsil F-35 qırıcıları proqramından kənarda saxlanıldı. 

Türkiyə mərhələli şəkildə döyüş aviasiyasını F-5-lərlə yeniləyəcəkdi, necə ki, artıq əksər NATO ölkələri ən müasir qırıcılara sahibdir. Türkiyə isə köhnəlmiş F-16 parkının ümidinə qalıb və ordu NATO-da və regionda hava üstünlüyünü itirib. ABŞ-la imzalanmış 20 milyard dollarlıq müaviləyə görə, F-16-lar moderinləşdiriləcək, yeniləri gətiriləcək. 

Amma proses ləng gedir və Türkiyə alternativlər axtarmaq məcburiyyətində qalıb. Məsələn, ötən ayın 27-də Böyük Britaniya ilə imzalanmış müqaviləyə görə 10.7 milyard dollar dəyərində 20 ədəd "Eurofighter Typhoon” təyyarələri alacaq. Birinin qiyməti isə 535 milyon dollara başa gəlir. Halbuki, F-35-lərin bir qismini pulsuz əldə edəcəkdi.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->