Dünya 22:51 13.03.2024

ABŞ-ın planı alınmadı - Qəzzada sülh olmayacaq (ŞƏRH)

"Nəinki HƏMAS, İsrail özü də sülh danışıqlarında maraqlı deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu deyib.

Ekspert bildirib ki, mətbuatda HƏMAS qruplaşmasının ABŞ-ın təklif etdiyi barışıq, atəşkəs və məcburi köçkünlərin tədricən geri qaytarılması planı ilə razılaşdığı barədə məlumatlar yer alıb:

"Amma iki saat bundan əvvəl HƏMAS rəsmiləri həmin xəbərin feyk və yalan olduğunu bəyan etdilər. Onlar İsraillə hər hansı bir danışıqların getmədiyini və ümumiyyətlə, ABŞ-ın sülh təklifini qəbul etmədiklərini bildiriblər. Nəinki HƏMAS, İsrail özü də sülh danışıqlarına getmir. Çünki hər iki tərəf hesab edir ki, onlar üçün həlledici məqamdır".
 


Ekspertin fikrincə, Təl-Əviv hər hansı bir güzəştə getsə, Netanyahu hökuməti, ümumiyyətlə İsrail dövləti üçün ciddi sıxıntı yaranacaq:

"Bu fonda İsraildə daxili siyasi gərginliyin yaranacağı istisna edilmir. Çünki İsrail müxalifəti və bəzi hakim dairələri daxilində Netanyahunun Qəzza siyasəti qəti olaraq qəbul edilmir. HƏMAS da düşünür ki, artıq itirəcəkləri bir nəsnə yoxdur. Onlar düşünür ki, 6 aya qədər mübarizə apara biliblərsə, bundan sonra da davam etdirə bilərlər. Sülh danışıqlarının olması üçün müzakirələr aparılır. Amma konkret olaraq hələlik hər hansı bir nəticəyə gəlinməyib".

Rufiz Hafizoğlu hesab edir ki, yaxın zamanlarda konkret nəticə əldə olunmayacaq:

"Sülhə əngəl olan tərəf ABŞ, İsrail və bəzi ərəb dövlətləridir. Ən azından onlar təxmin edirlər ki, HƏMAS tamamilə məhv edilə bilər. Çünki HƏMAS-ın ayaqda qalması İsrail bir yana, bir çox ərəb dövlətlərinin də maraqlarına xidmət etmir. Onlar istəyirlər belə olsun. Lakin hesab edirəm ki, nəticə tam fərqli oldu".

Qeyd edək ki, "Al Arabiya" nəşri HƏMAS qruplaşmasının ABŞ-ın təklif etdiyi barışıq, atəşkəs və məcburi köçkünlərin tədricən geri qaytarılması planı ilə razılaşdığı barədə məlumat yayıb. Məlumata görə, hərəkatın nümayəndə heyəti atəşkəs razılaşması ilə bağlı təfərrüatları Qahirədə müzakirə edəcək. 

Rüfət Sultan