XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu şəhərdə 200 min avroya ya mənzil, ya da qaraj almaq olar: Səbəbi nədir?
Dünya22:45 20.09.2026

Bu şəhərdə 200 min avroya ya mənzil, ya da qaraj almaq olar: Səbəbi nədir?

İtaliyanın böyük şəhərlərində parklanma yerləri artıq uzun müddətdir ki, qıtlıq təşkil edir. Lakin ölkənin paytaxtında vəziyyət daha da kəskinləşib: burada qaraj şəhərin başqa bir rayonundakı mənzildən baha ola bilər. Söhbət Romadan gedir. Parklanma yerlərinin çatışmazlığı və yüksək tələbat burada qiymətlərin yenidən artmasına səbəb olub.

Qaynarinfo xəbər verir ki, “Tecnocasa” qrupunun araşdırma şöbəsinin apardığı təhlilə əsasən, İtaliyanın paytaxtında qarajların qiyməti 2025-ci ilin ikinci yarısında ilin ilk yarısı ilə müqayisədə 3,1 faiz artıb.

Açıq parklanma yerlərində isə artım 2,3 faiz təşkil edib. Beləliklə, Roma qarajların qiymətinin 2,2 faiz, açıq parklanma yerlərinin isə 1,8 faiz bahalaşdığı İtaliyanın iri şəhərləri üzrə orta göstəricini üstələyib.

Paytaxtı yalnız Florensiya qabaqlayıb. Bu şəhərdə qarajların qiyməti 4,8 faiz, parklanma yerlərinin qiyməti isə 3 faiz artıb.

200 min avroya qədər qaraj

Romada qarajın qiyməti 200 min avroya qədər yüksələ bilər. Parklanma yerlərinin çatışmazlığı və yüksək tələbat qiymətlərin artmasına səbəb olub.

Prati, Kavour, Çelio, Kolizey və Kole-Opio kimi mərkəzi rayonlarda qarajların qiyməti 135 min-200 min avro arasında dəyişir. Bu məbləğ şəhərin daha uzaq rayonlarında birotaqlı mənzilin qiyməti ilə müqayisə edilə bilər.

Çitta-Cardino kimi rayonlarda qapalı parklanma yeri təxminən 40 min avroya, Bufalottidə isə 30 min avroya başa gəlir. Prati-Fiskali və Serpentari rayonlarında qiymətlər təxminən 25 min avro təşkil edir.

Paytaxtın digər rayonlarında da qiymətlər yüksəkdir. Alberone, Furio-Kamillo, San-Covanni və Appia-Nuova rayonlarında qarajın qiyməti 45-57 min avro arasında dəyişir. Ostiense rayonunda parklanma yeri 60 min avroya, Monteverde rayonunda isə təxminən eyni məbləğə satılır.

Bununla yanaşı, Cardinetti, Kastelverde və Borqeziani rayonlarında qiymətlər 20 min avrodan aşağı düşə, bəzi hallarda isə 10 min avroya qədər enə bilər.

Əlçatan sahələrin çatışmazlığı bəzi mülk sahiblərini hətta keçmiş kommersiya obyektlərini qaraja çevirməyə məcbur edir.

Tələbatı əsasən avtomobillərini evlərinə mümkün qədər yaxın park etmək istəyən sakinlər formalaşdırır. Onlar üçün ən əlverişli variant avtomobili yaşadıqları binada və ya evdən 500 metrdən çox uzaqda olmayan ərazidə saxlamaqdır.

Aydın