ABŞ və İran arasında mümkün razılaşma üzrə aparılan danışıqlar dalana dirənib. Buna səbəb kimi Tehranın xaricdə dondurulmuş 24 milyard dollarlıq İran aktivlərinin açılmasını tələb etməsi göstərilir.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN-ə İranın ali liderinin hərbi məsələlər üzrə müşaviri Məhsen Rəzai bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyətdə çıxış yolunu ABŞ prezidenti Donald Tramp atmalıdır: "Danışıqlar dalana dirənib və Tramp bu vəziyyətdən çıxmalıdır. İndi top onun tərəfindədir.
İran tərəfi 24 milyard dolların 12 milyardının dərhal ilkin saziş imzalandıqdan sonra, qalan hissəsinin isə sonrakı mərhələdə azad edilməsini təklif edir. Rəzai bu vəsaitlərin İrana məxsus olduğunu və onların qaytarılmasının tərəflər arasında etimadın yoxlanılması üçün vacib addım olduğunu vurğulayıb.
İran rəsmisi həmçinin bildirib ki, hərbi eskalasiya baş verəcəyi təqdirdə Tehran münaqişənin coğrafiyasını genişləndirməyə hazırdır. Onun sözlərinə görə, mümkün gərginlik Fars körfəzi ilə məhdudlaşmaya bilər və Hörmüz boğazı, Hind okeanı, Bab-əl-Məndəb boğazı, Qırmızı dəniz və hətta Aralıq dənizinə də yayıla bilər. Bununla belə, o, hazırda genişmiqyaslı müharibə ehtimalını aşağı qiymətləndirdiyini də qeyd edib.
Rəzai Donald Tramp və İranın ali lideri Muctaba Xamenei arasında birbaşa görüş ehtimalını da istisna edib. Onun sözlərinə görə, danışıqlar hələ ilkin mərhələdədir və yüksək səviyyəli təmaslar üçün şərait yoxdur. O, eyni zamanda Hörmüz boğazı ilə bağlı Tehranın mövqeyini təkrarlayıb. Bildirib ki, İran və Oman bu strateji dəniz yolunun idarə olunmasına görə ortaq məsuliyyət daşıyır və regionda gəmiçilik xidmətlərinə görə ödəniş tələb oluna bilər.
Rəzai əlavə edib ki, İran ABŞ ilə gələcək razılaşmalara skeptik yanaşır və Vaşinqtonun 2015-ci il nüvə sazişindən çıxmasını xatırladaraq etibarlı zəmanətlərin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İran istənilən ssenariyə, o cümlədən mümkün hərbi müdaxiləyə hazırdır. O, həmçinin hazırkı dövrü İranın özünü "qalib tərəf” hesab etdiyi bir mərhələ kimi qiymətləndirib.
Aydın
Şərhlər