Xəbər lenti

ABŞ İranın milyardlarla dollarını Körfəz ölkələrinə vermək istəyir
Dünya 20:05 07.06.2026

ABŞ İranın milyardlarla dollarını Körfəz ölkələrinə vermək istəyir

ABŞ İrana aid dondurulmuş aktivlərdən Körfəz regionundakı müttəfiqlərə kompensasiya ödənişləri üçün istifadə imkanını nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, "Times of Israel” nəşrinin məlumatına görə, ABŞ administrasiyası İrana məxsus dondurulmuş vəsaitlərin bir hissəsinin Fars körfəzindəki tərəfdaş ölkələrin zərər çəkmiş infrastrukturunun bərpasına yönəldilməsini araşdırır.

Məlumata əsasən, Vaşinqton həmçinin bu vəsaitlərin bir qismini İranın əvvəlki fəaliyyətləri nəticəsində ABŞ müttəfiqlərinin artıq çəkdiyi zərərlərin kompensasiyası üçün istifadə etməyi də nəzərdən keçirir.

Mənbə bildirib ki, ABŞ maliyyə naziri Skott Bessent xüsusi işçi qrupuna regiondakı tərəfdaşlara dəyən zərərin qiymətləndirilməsi tapşırığını verib.

Bu hesablamalar dondurulmuş İran aktivlərindən mümkün ödənişlərin həcmini müəyyənləşdirmək üçün əsas ola bilər. Lakin ABŞ hökuməti hələlik bu istiqamətdə rəsmi qərar açıqlamayıb. Dondurulmuş İran aktivləri məsələsi Vaşinqton və Tehran arasında aparılan danışıqlarda əsas müzakirə mövzularından biri olaraq qalır.

İranın ali rəhbərinin hərbi müşaviri Məhsen Rəzai daha əvvəl bildirmişdi ki, danışıqlar 24 milyard dollar dondurulmuş vəsait ətrafında yaranan fikir ayrılığı səbəbindən dalana dirənib. Onun sözlərinə görə, Tehran 12 milyard dolların razılaşma imzalandıqdan dərhal sonra, qalan 12 milyard dolların isə növbəti mərhələdə köçürülməsini tələb edir.

Aydın

--> -->