"ABŞ-ın Əfqanıstana hərbi müdaxilə niyyətinin əsas məqsədi qlobal güc olan Çini nəzarət altında saxlamaq, onu tədricən çevrələmək və öz təsiri altında saxlamağa hesablanıb".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ prezidenti Donald Trampın qoşunları Əfqanıstana qaytarmaq niyyətini şərh edərkən deyib.
"Bundan əvvəlki dövrdə ABŞ-ın canlı qüvvə, texnika və böyük maliyyə itkiləri uzun müddətə Əfqanıstanda qalmağa imkan vermədi. Terror və Taliban hərəkatına qarşı mübarizədə də Vaşinqton istədiyi nəticəni ala bilmədi. Ona görə də Bayden hakimiyyəti Əfqanıstandan qaçdı", deyə ekspert bildirib.
Politoloq qeyd edin ki, Trampın bu istəyi Çin amil ilə bağlıdır:
"Tramp tərəfindən həmin siyasət yenidən ona görə gündəmə gəlib ki, Ağ Ev Çini dayandırmağı özünün xarici siyasətinin əsas prioriteti sayır. Çin hazırda Əfqanıstanda bir çox sahələrə investisiya qoyub".
Amma ekspert düşünür ki, ABŞ yenidən bu siyasətini Əfqanıstana hərbi müdaxilə ilə həyata keçirə bilməyəcək:
"Hələlik Trampın hərbi planlarında belə bir müdaxilə niyyəti yoxdur. Bu müstəvidə aviabazanın geri qaytarılmasına çalışdıqları barədə səslənən ifadənin arxasında isə Taliban hökumətilə aparılan məxfi danışıqlardan söhbət gedir. Taliban hökumətini tanımaq və müəyyən yardımlarla razı sala bilsələr, Vaşinqtonun yenidən həmin aviabazaya qayıtması mümkündür. Ən azından tərəzidə Taliban hökuməti üçün seçim imkanları var. Bir tərəfdə Çin, digər tərəfdə də ABŞ. Talibanın dünyaya açılması üçün onun bir tək Çinlə münasibətləri yetərli deyil. Bu baxımdan, ABŞ-ın Talibana təqdim edəcəyi təklif cəlbedici ola bilər. Əks təqdirdə, bu hökumətin tanınma prosesi problematik olaraq qalacaq".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Böyük Britaniya Baş naziri Kir Starmerlə birgə brifinqdə Pentaqon qoşunlarını Əfqanıstana qaytarmaq istədiyini bəyan edib.
"Yeri gəlmişkən, biz ora – Baqram aviabazasına qayıtmağa çalışırıq. Bu, kiçik bir sensasion xəbər ola bilər... Ora Çinin nüvə silahı istehsal etdiyi məkandan cəmi bir saatlıq məsafədə yerləşir", deyə Tramp açıqlayıb.
Xatırladaq ki, ABŞ Co Baydenin prezidentliyi dövründə, 2021-ci ilin sentyabrında öz qoşunlarını Əfqanıstandan çıxarıb.
Rüfət Sultan
Şərhlər