Ukraynada müharibənin bitməsi üçün Trampın təklif etdiyi "sülh planı”nı Kiyevə gətirən rəsmi, ABŞ ordusunun naziri Den Driskoll hazırda rusiyalı rəsmilərlə görüşmək üçün Əbu-Dabidədir.
Qaynarinfo xəbər verir ki, bu barədə CBS News-a iki amerikalı rəsmı və iki diplomatik mənbə
bildirib.
ABŞ nümayəndəsinin CBS News-a bildirdiyinə görə:
"ABŞ ordusunun naziri Driskoll bazar ertəsi axşamı Əbu-Dabidə Rusiya nümayəndə heyətinin üzvləri ilə bir neçə saat görüş keçirib. O, bu gün (çərşənbə axşamı) onlarla yenidən görüşməyi planlaşdırır ki, sülh prosesini və danışıqların sürətləndirilməsini müzakirə etsin”.
Hazırda ABŞ nümayəndə heyətinin tərkibində daha kimlərin olduğu məlum deyil.
"CBS News”un bazar günü yaydığı məlumata görə, ABŞ və Ukrayna rəsmiləri bu həftə Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a mümkün səfərini də müzakirə ediblər, lakin hazırda bu səfərlə bağlı dəqiq plan yoxdur.
Hazırda Rusiya və Ukraynanın razılaşmaya nə qədər yaxın olduğu da bəlli deyil.
Ağ Ev bazar günü axşam yaydığı bəyanatda bildirib ki, Cenevrədə aparılan müzakirələrdən sonra ABŞ və Ukrayna rəsmiləri "yenilənmiş və təkmilləşdirilmiş sülh planı hazırlayıblar”.
Eyni zamanda bir amerikalı rəsmı "CBS News”a bildirib ki, Rusiya lideri Vladimir Putin görünür, Donetsk vilayətini istənilən halda ələ keçirəcəyinə inanır — istər sülh yolu ilə, istərsə də döyüş meydanında.
CBS yazır ki, həmin ABŞ rəsmisi Ukraynanın Şərqdə müharibəni uduzub-uduzmadığına dair qiymət verməkdən imtina etsə də, döyüşlərin gedişatının Rusiyanın Donetski ələ keçirməsinə doğru getdiyini bildirib. O qeyd edib ki, Rusiyanın Pokrovsk şəhərində irəliləyişi Kiyevin müdafiə perspektivləri üçün yaxşı siqnal deyil.
Alpər
Şərhlər