"OpenAI" şirkətinin rəhbəri Sem Altman yeni "Merge Labs" adlı startapın maliyyələşdirilməsini dəstəkləyib.
Qaynarinfo xəbər verir ki, layihə cərrahi müdaxilə tələb etməyən beyin–kompüter interfeysinin (BCI) hazırlanması üzərində işləyir. Bu baxımdan o, İlon Maskın "Neuralink" layihəsindən əsaslı şəkildə fərqlənir.
"The Verge" nəşrinin məlumatına görə, "Merge Labs" "OpenAI"ın vençur bölməsi vasitəsilə 250 milyon dollarlıq investisiya cəlb edir. Startapın əsas tədqiqatçıları arasında Kaliforniya Texnologiya İnstitutunun (Caltech) bioinjiniri Mixail Şapiro da var. O, beynin ultrasəs vasitəsilə stimullaşdırılması sahəsindəki araşdırmaları ilə tanınır.
Şapironun "Caltech"də apardığı tədqiqatlar sübut edib ki, səs dalğaları neyronları fiziki bağlantısız da aktivləşdirə bilər. O, həmçinin hüceyrələrin ultrasəsə həssas olmasını təmin edən gen mühəndisliyi texnologiyaları üzərində işləyib.
Sem Altman daha əvvəl bildirmişdi ki, öz başına heç nə implant etdirmək istəməzdi, lakin elə bir texnologiyanın yaranmasını arzulayır ki, insan sadəcə fikirləşsin və ChatGPT buna cavab versin. "Bəlkə mən sadəcə ‘oxuma rejimi’ istəyirəm – süni intellekt fikirlərimi anlaya bilsin, amma onları dəyişməsin”, deyə o vurğulamışdı.
Məlumatlara görə, məhz bu "read-only” (yalnız oxuma rejimli) konsepsiya "Merge Labs"ın əsas ideyasını təşkil edir. Şirkət səs dalğaları və maqnit sahələrinin kombinasiyasından istifadə etməklə, beynin siqnallarını əməliyyatsız şəkildə "oxuya” bilən sistem hazırlamaq niyyətindədir.
Bundan əvvəl "Apple"ın həmtəsisçisi də daxil olmaqla 850-dən çox ictimai və elmi xadim süni intellektin "nadintelekt” səviyyəsinə qədər inkişafının qarşısını almağa çağırmış və bu istiqamətdə rəsmi qadağanın tətbiqini tələb etmişdi.
Aydın
Şərhlər