Xəbər lenti

ABŞ təzyiq etdi, İsrail Ukrayna mövqeyini kəskin dəyişdi, ancaq məxfilik şərti qoydu
Dünya 13:05 18.11.2022

ABŞ təzyiq etdi, İsrail Ukrayna mövqeyini kəskin dəyişdi, ancaq məxfilik şərti qoydu

İsrail NATO ölkələrinə Ukraynaya İsrail komponentləri olan silah sistemləri verməyə icazə verib, həmçinin bir neçə milyon dollarlıq "strateji materialları” maliyyələşdirməyə razı olub.

İndiyədək bitərəf qalan Təl-Əviv ABŞ prezidenti Co Bayden administrasiyasının təzyiqi ilə belə bir qərar verib. Lakin o, Rusiya prezidenti Vladimir Putini qəzəbləndirməmək üçün sazişdə iştirak edən bütün tərəflərdən bunu ictimaiyyətə açıqlamamağı xahiş edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Haaretz” üç yüksək vəzifəli avropalı diplomata istinadən yazır.

Vaşinqton Kiyevə zenit batareyaları verməsi üçün İsrail hakimiyyətinə təzyiq edib. Lakin iki hökumət arasında aparılan danışıqlardan və təhlükəsizlik xidmətləri ilə müzakirələrdən sonra İsrail bunun əvəzinə "strateji materialları” maliyyələşdirməyə qərar verib. Bu qərarı Baş nazir Yair Lapid və müdafiə naziri Benni Qantz təsdiqləyib.

Bundan sonra Təl-Əviv Ukraynanı hərbi texnika ilə təmin edən NATO üzvü olan ölkələrdən birinə "milyonlarla dollar” köçürüb. Eyni zamanda, mənbələr Kiyevin İsraildən hərbi yardım çərçivəsində alacağı konkret "strateji materialları” qeyd etməməyi xahiş ediblər.

Həmçinin, İsrail Müdafiə Nazirliyi Böyük Britaniya da daxil olmaqla NATO üzvlərinə İsrail komponentləri olan elektro-optik sistemləri və atəşə nəzarət sistemlərini Ukraynaya ötürməyə icazə verib.

Bütün bunlar onu deməyə əsas verir ki, İsrail baş nazir Naftali Bennetin Ukraynadakı müharibənin "kənarında oturmaq” strategiyasından uzaqlaşıb. Bennett hərbi münaqişə başlayandan sonra Putinə Moskvaya gələn ilk beynəlxalq lider olub və müdafiə naziri Qantzla birlikdə Kiyevə humanitar yardım da daxil olmaqla heç bir yardım göstərməmək qərarına gəlmişdir.

İsrailin mövqeyinin kəskin dəyişməsinə Rusiyanın Ukraynanın əsas enerji infrastrukturuna zərbə vurmaq üçün İrandan pilotsuz uçuş aparatlarının alınması təsir edib. Lakin "strateji materialların” və İsrail komponentləri ilə silahların tədarükü birdəfəlik razılaşma olub. Onun uzadılıb-uzadılmayacağı Putinin köhnə dostu Benyamin Netanyahunun rəhbərlik etdiyi yeni hökumətdən asılı olacaq. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->