Dünya 14:32 15.06.2022

ABŞ Ukraynaya yaylım atəşi üçün kəşfiyyat məlumatları ötürəcək

Ukrayna ordusu Amerikanın reaktiv yaylım atəş sistemləri ilə vurulan zərbələrə görə ABŞ-dan kəşfiyyat məlumatları alacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq” radiosu məlumat yayıb.

"Biz ukraynalılara Ukrayna ərazisində seçdikləri hədəflərə zərbə endirmək üçün lazım olanı verəcəyik. Bu sistemlərin tezliklə döyüşə girəcəyini gözləyirik. Biz bu hərbi texnikanın tədarükünü davam etdirməyə sadiqik”, - deyə Pentaqonun siyasi məsələlər üzrə katibinin müavini Kolin Kol Vaşinqtonda Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin keçirdiyi konfransda bildirib.

Onun sözlərinə görə, ABŞ-ın kəşfiyyat məlumatları Ukrayna Silahlı Qüvvələrinə əlavə döyüş sursatı sərf etmədən düşmən hədəflərini effektiv şəkildə vurmağa imkan verəcək, çünki HIMARS və MLRS-nin dəqiqliyi və gücü sayəsində onların istifadəsini hava zərbələri ilə müqayisə etmək olar.

Nizami Bağırov