Xəbər lenti

ABŞ və BƏƏ arasında casusluq böhranı:
Dünya 23:38 05.11.2025

ABŞ və BƏƏ arasında casusluq böhranı: "G42 dosyesi Çinə sızdırılıb?

ABŞ ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında yeni bir casusluq qalmaqalı baş qaldırıb. 

Qaynarinfo xəbər verir ki, iddiaya görə, BƏƏ-nin Milli Təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed əl-Nahyanın rəhbərlik etdiyi şirkət, Çinə hava-hava raketlərinin istehsalında istifadə olunan kritik texnoloji məlumatlar təqdim edib. Bu məlumatların sayəsində Çin raketlərinin daha uzun mənzilli hala gəldiyi bildirilir.

"Financial Times" qəzetinin məlumatına görə, BƏƏ-nin aparıcı süni intellekt şirkətlərindən biri olan G42 Çinlə texnoloji əməkdaşlıq çərçivəsində həssas məlumatlar paylaşmaqda ittiham olunur. Qəzetə danışan iki mənbə bildirib ki, bu məlumatlar Çin tərəfindən PL-15 və PL-17 hava-hava raketlərinin inkişafında istifadə olunub və bu, Pekinə ABŞ qarşısında üstünlük qazandırıb.

ABŞ rəsmilərinin sözlərinə görə, BƏƏ şirkətlərinin Çinə raket texnologiyası ötürməsi faktı ilk dəfə 2022-ci ildə müəyyən edilib. İddiaya görə, G42 şirkətinin "Huawei” üzərindən təqdim etdiyi proqram təminatı raketlərin uçuş optimizasiyasını təmin edirmiş. Hadisədən sonra ABŞ, BƏƏ ilə gələcək texnoloji əməkdaşlıq imkanlarını yenidən dəyərləndirməyə başlayıb.

Məlumatlara görə, bu texnologiya Çini Asiya-Sakit okean bölgəsində ABŞ-a qarşı daha sərbəst hərəkət edə biləcək vəziyyətə gətirib. ABŞ rəsmiləri hesab edir ki, bu texnologiya Çin döyüş təyyarələrinə Tayvana qarşı mümkün münaqişə zamanı ABŞ təyyarələrini hədəfə almaq üçün əlavə vaxt qazandırır.

Çin istehsalı PL-15 raketləri sonuncu dəfə Hindistan və Pakistan arasında baş verən qısamüddətli qarşıdurma zamanı gündəmə gəlmişdi. Pakistanın J-10 və "JF-17 Block 3” tipli təyyarələrində istifadə olunan bu raketlərin mənzili 300 kilometrə qədər çatır. Açıq mənbələrə görə, ixrac versiyasının mənzili 145 km olsa da, Çin ordusu üçün istehsal edilən modellərin mənzili 200–300 km arasındadır. PL-15 raketləri J-10, J-20, J-35 və JF-17 kimi döyüş təyyarələrində tətbiq olunur. Bu cür texnologiyaya sahib olmaq Pekinə bölgədə strateji üstünlük qazandırır və ABŞ fəaliyyətlərini daha riskli hala gətirir.

ABŞ ilə BƏƏ arasındakı fikir ayrılıqları Co Baydenin prezidentliyi dövründə dərinləşib. 2022-ci ildə Vaşinqton, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən sanksiyaların pozulmasına BƏƏ-nin şərait yaratdığını iddia etmişdi. Eyni zamanda, ABŞ hökuməti BƏƏ-nin Yəməndəki hüsi hərəkatına qarşı həyata keçirdiyi PUA əməliyyatlarına mənfi reaksiya göstərmiş, bu da Əbu Dabidə narazılıq doğurmuşdu.

2021-ci ildə Bayden administrasiyası, hərbi məqsədlərlə əlaqələndirilən bir Çin liman layihəsinin dayandırılması üçün BƏƏ-yə təzyiq göstərmişdi. Lakin daha sonra sızan sənədlər liman tikintisinin ABŞ təzyiqlərinə baxmayaraq davam etdiyini ortaya qoymuş və iki ölkə arasında gərginliyi artırmışdı.

Donald Trampın prezidentliyi dövründə ABŞ–BƏƏ münasibətləri nisbətən istiləşmişdi. Tramp administrasiyası BƏƏ rəhbərliyi ilə daha yaxın əlaqələrə malik olsa da, BƏƏ-nin Çinlə yaxın iqtisadi əlaqələri Vaşinqtonda narahatlıq doğurmaqda davam edib.

ABŞ prezidenti Donald Trampın bu ilki Körfəz turunda BƏƏ-yə qısa səfər etməsi də bu narahatlığın göstəricisi kimi qiymətləndirilir. Tramp səfəri zamanı Səudiyyə Ərəbistanı və Qətərdə daha uzun müddət qalsa da, BƏƏ-də cəmi bir neçə saat keçirib.

BƏƏ-nin Trampın may ayında ölkəyə səfəri zamanı "Nvidia” şirkətindən 5 min ədəd süni intellekt çipi alması da diqqət çəkmişdi. Bu satışın min ədədlik hissəsinin G42 şirkətinə ayrıldığı bildirilir. Satış oktyabr ayında Tramp tərəfindən təsdiqlənsə də, "Bloomberg" məlumatına görə, BƏƏ-yə göndəriləcək ilk çip partiyasında G42 şirkəti iştirak etməyəcək. ABŞ rəsmilərinin bu şirkətə qarşı əlavə məhdudiyyətlər tətbiq edə biləcəyi qeyd olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->