Ölkə 16:15 17.05.2023

Şabranda olayın gündəmə gətirdiyi quduzluq xəstəliyi: Nə baş verə bilər? - Həkimdən şok sözlər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Şabranda quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülən bir ailənin 20-yə yaxın üzvünün səhhətinə aydınlıq gətirib. 

Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, 16.05.2023-cü il tarixində Şabran rayonunun Qorğan kəndinin 4-ü uşaq olmaqla 9 nəfər (4-ü qadın, 5-i kişi) sakini quduzluq xəstəliyi ehtimalı ilə TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: "Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar”. 

Ümumiyyətlə, belə heyvanların ətini yemək insan orqanizminə hansı fəsadları verə bilər? 

İnfeksionist-həkim Namiq Nəbiyev Qaynarinfo-ya açıqlamasında quduzluğun kəskin infeksion bir xəstəlik olduğunu bildirib:

"Xəstəliyin əsas əlamətləri başgicəllənmə, halsızlıq, tənginəfəslik, qıcolmalar, iflicolma, ikiqat sıxılma kimi hallar baş verir və təbii ki, bunun sonu ölümlə nəticələnir”. 

İnfeksionistin sözlərinə görə, belə xəstələr hansı heyvanın dişləməsindən asılı olaraq, zamanla həmin heyvanın səslərini çıxartmağa doğru gedir: 
 


"Quduzluq çox təhlükəli bir xəstəlik olduğundan hansısa bir heyvanın dişlədiyi, yaxud da parcaladığı, ölmüş heyvan ətini yemək və yaxud da ondan istifadə etmək qəti qadağandır. Bu xəstəliklərin yaranmasına təsir edə bilir. Belə hallar baş verdikdə, yəni, xəstələr həmin heyvanların ətindən yeyiblərsə, onlar dərhal hospitalizasiya olunmalıdır. Yaxud da küçədə, yolda gedərkən təsadüfən çöl itləri, pişikləri, ümumiyyətlə vəhşi heyvanlar, evdə saxlanılan heyvanlar dişləyərsə, cırmaqlayarsa, dərhal belə insanlar müayinədən keçirməli və yaşadıqları ərazi üzrə qospitalizasiya olunması və yaxud onlara virus əlehinə peyvənd vurulması vacibdir. Həmin xəstələr dərmanları vaxtında qəbul etməlidirlər”. 

İnfeksionist xəstəliyin klinik gedişinin 8-90 gün arasında olduğunu diqqətə çatdırıb:

"Müddət uzun olduğu üçün bəzən insanlarda məsuliyyətsizlik yaranır və özlərində heç bir problem hiss etmirlər. Amma biz məsləhət görürük ki, diş, cırmaq yeri müəyyən olunanlarla yanaşı belə xəstələrlə kontakda olanlar da 24-48 saat müddətinə xəstəxanaya müraciət eləsinlər və tələb olunan peyvəndləri vurdursunlar. Hətta 20-30 gün müddətində xəstəyə peyvəndlər vurulsa, problemlər yaranmaz. Çünki günü-gündən belə xəstələrdə ağırlaşma gedir. Peyvənd nə qədər tez vurularsa, xəstə bir o qədər tez sağala bilər”. 

Xatırladaq ki, Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb. Baş verən hadisə ilə bağlı bildirilir ki, 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib. 

Bahar Rüstəmli