XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu yataqların hasilatı artırılır
Ekonomiks11:40 23.09.2026

Bu yataqların hasilatı artırılır

Azərbaycanda bir sıra mədən yataqlarının istismara hazırlanması və hasilatın genişləndirilməsi nəzərdə tutulur.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Proqrama əsasən, Söyüdlü (Zod) qızıl yatağında flotasiya zavodu və əlaqədar infrastruktur qurulacaq, flotokonsentrat istehsalına başlanılacaq. Yekun investisiya qərarından asılı olaraq metal emalının təşkili və yatağın tam həcmdə sənaye istismarına başlanılması təmin ediləcək.

Filizçay polimetal yatağında tikinti işlərinin aparılması, Elbəydaş yatağının isə istismara hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

Həmçinin Dəmirli, Xarxar və Qaradağ yataqlarında hasilata mane olan problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcək.

Naxçıvan Muxtar Respublikasındakı Ortakənd yatağında hasilata başlanılması, digər prioritet yataqlar üzrə isə yekun investisiya qərarlarının qəbul edilməsi nəzərdə tutulur.

Bundan başqa, strateji əhəmiyyətli minerallar üzrə regional emal mərkəzinin yaradılması üçün investisiya və texnoloji mexanizmlər müəyyənləşdiriləcək, mis emalı üzrə metaləritmə müəssisələrinin yaradılmasının məqsədəuyğunluğu qiymətləndiriləcək.

Günay İlqarqızı