Ukrayna Avropa İttifaqından (Aİ) ayrılması nəzərdə tutulan 90 milyard avroluq kreditin ilk tranşını 2026-cı ilin ikinci yarısında ala biləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının büdcə məsələləri üzrə sözçüsü Balaş Uyvari məlumat verib.
O bildirib ki, daha əvvəl Aİ-yə üzv ölkələrin liderləri səviyyəsində razılıq əldə olunub və hazırda Avropa Komissiyası bütün ölkələrin götürdükləri öhdəliklərə əməl edəcəyini gözləyir: "Bu paket çərçivəsində ilk ödənişi bu ilin ikinci yarısında həyata keçirməyə sadiqik".
O, həmçinin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin sözlərini təkrarlayaraq qeyd edib ki, Ukrayna bu krediti bu və ya digər şəkildə əldə edəcək.
Uyvarinin sözlərinə görə, 90 milyard avroluq paketin təsdiqi üçün əsas elementlər artıq hazırlanıb, lakin hələ üç sənədin qəbul edilməsi tələb olunur. Bunlara makromaliyyə yardımının əsasını təşkil edəcək qarşılıqlı anlaşma memorandumu, "Ukraine Facility” mexanizmi çərçivəsində Ukraynaya büdcə dəstəyinin əsas kanalı olacaq yenilənmiş "Ukrayna planı” və kredit sazişi daxildir.
Məlumata görə, 2025-ci ilin dekabrında Aİ-yə üzv ölkələrin liderləri Ukraynaya 2026–2027-ci illər ərzində 90 milyard avro kredit ayrılması barədə razılığa gəliblər. Lakin bu qərarın yekun təsdiqi Macarıstanın baş naziri Viktor Orbanın hökuməti tərəfindən bloklanmışdı.
Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində Orbanın rəhbərlik etdiyi Fidesz Partiyası ciddi məğlubiyyətə uğrayıb. Seçkilərdə Peter Macarın rəhbərlik etdiyi Tisa Partiyası qalib gəlib. Bu səbəbdən Aİ-də yeni hökumətin 90 milyard avroluq kreditlə bağlı vetonu aradan qaldıracağı gözlənilir.
Aydın
Şərhlər