Avropa İttifaqı (Aİ) və Böyük Britaniya İspaniya ilə Cəbəllütariq arasındakı sərhəd nəzarətini aradan qaldıran saziş imzalayıblar. Bununla da tərəflər arasında 118 ildir tətbiq olunan sərhəd yoxlamaları rəsmi şəkildə başa çatıb.
Qaynarinfo xəbər verir ki, saziş Böyük Britaniyanın Avropa İttifaqından rəsmi ayrılmasından altı il sonra imzalanıb.
Brüsseldə keçirilən imzalanma mərasimində Aİ-nin ticarət məsələləri üzrə komissarı Maroş Şefçoviç, Böyük Britaniya və İspaniyanın nazirləri, həmçinin Cəbəllütariqin baş naziri Fabian Pikardo iştirak ediblər.
Yeni sərhəd keçid qaydaları 15 iyul tarixindən qüvvəyə minəcək və sərhəd-keçid prosedurlarını xeyli sadələşdirəcək.
Tarixi məlumatlara görə, Böyük Britaniya 1908-ci ildə sərhəd boyunca ilk dəfə məftil hasar çəkib. Daha sonra İspaniyada Fransisko Frankonun hakimiyyəti dövründə, 1969–1982-ci illərdə sərhəd tamamilə bağlanmışdı.
Yeni razılaşmaya əsasən, Cəbəllütariq Avropa İttifaqının Gömrük İttifaqına və Şengen sərbəst hərəkət zonasına inteqrasiya olunacaq.
Bununla yanaşı, Şengen zonasına daxil olmayan ölkələrdən dəniz və ya hava yolu ilə Cəbəllütariqə gələn sərnişinlərin pasportları həm Cəbəllütariq, həm də İspaniya sərhəd əməkdaşları tərəfindən yoxlanılacaq.
İberiya yarımadasının cənubunda yerləşən Cəbəllütariqin sahəsi təxminən 6,7 kvadrat kilometrdir.
1713-cü ildə imzalanmış Utrext sülh müqaviləsinə əsasən, İspaniya Cəbəllütariq üzərində suverenliyini Böyük Britaniyaya verib.
Hazırda Cəbəllütariq Böyük Britaniyanın dənizaşırı ərazilərindən biri hesab olunur.
Xatırladaq ki, Böyük Britaniya 31 yanvar 2020-ci ildə rəsmi olaraq Avropa İttifaqından ayrılıb.
Aydın
Şərhlər