XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Akif Nəsirli: "Azərbaycan yalnız xammal hasil edən ölkə kimi qalmamalıdır"
Ekonomiks16:53 23.09.2026

Akif Nəsirli: "Azərbaycan yalnız xammal hasil edən ölkə kimi qalmamalıdır"

“Dağ-mədən və metallurgiya sektorunun iqtisadiyyatın prioritet istiqamətlərindən birinə çevrilməsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının genişləndirilməsi baxımından yeni imkanlar yarada bilər. Əsas üstünlük ondan ibarətdir ki, Azərbaycan yalnız xammal hasil edən ölkə kimi deyil, həmin xammalı emal edərək daha yüksək əlavə dəyər yaradan məhsullar istehsal edən ölkə kimi çıxış edə bilər. Bu isə iqtisadiyyatın şaxələndirilməsinə və neft-qaz gəlirlərindən asılılığın tədricən azalmasına xidmət edə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, dağ-mədən və metallurgiya sektorunun inkişafı ilk növbədə ölkənin mövcud xammal bazasından daha səmərəli istifadə etməyə imkan verə bilər:

“Azərbaycanda dəmir filizi, qızıl, mis, gümüş və digər faydalı qazıntı ehtiyatlarının işlənməsi yalnız hasilatla məhdudlaşmamalıdır. Filizin zənginləşdirilməsindən metalın alınmasına, ərintilərin və hazır metal məhsullarının istehsalına qədər uzanan tam istehsal zənciri yaradılmalıdır. Məhz bu halda bir ton xammaldan əldə olunan iqtisadi dəyəri əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

Metallurgiyanın inkişafı digər sənaye sahələrinə də ciddi təsir göstərə, polad və digər metal məhsullarının yerli istehsalının genişlənməsi tikinti, maşınqayırma, energetika, nəqliyyat, kabel və metal konstruksiyalar istehsalı kimi sahələr üçün daha geniş yerli xammal bazası formalaşdıra bilər. Beləliklə, bir mədən və ya metallurgiya müəssisəsinin fəaliyyəti ətrafında bütöv sənaye və xidmət zəncirinin formalaşması mümkündür”.

Akif Nəsirli hesab edir ki, sektorun inkişafı yeni investisiya və məşğulluq imkanlarının yaranmasına da təkan verə bilər:

“Mədənlərin işlənməsi, emal müəssisələrinin, metallurgiya zavodlarının və logistika infrastrukturunun yaradılması böyük həcmdə investisiya tələb edir. Bu istiqamətdə həm dövlət, həm də özəl sektor üçün imkanlar formalaşa bilər. Xüsusilə azad edilmiş ərazilərdə yeni yataqların araşdırılması və sənaye müəssisələrinin yaradılması həmin ərazilərin iqtisadi reinteqrasiyasına da töhfə verə bilər.

Dövlət dəstəyinin artırılması isə yalnız birbaşa müəssisələrə vəsait ayırmaqla məhdudlaşmamalıdır. Əsas məsələ investor üçün uzunmüddətli və proqnozlaşdırılan biznes mühitinin yaradılmasıdır. Bunun üçün investisiya təşviqləri, vergi və gömrük güzəştləri, sənaye zonalarında hazır infrastrukturun yaradılması, uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsi və layihələrə dövlət zəmanətlərinin verilməsi kimi mexanizmlərdən istifadə oluna bilər”.

İqtisadçının fikrincə, digər mühüm istiqamət geoloji kəşfiyyatın dövlət tərəfindən maliyyələşdirilməsidir:

“Mədən layihələrində əsas risklərdən biri yataqların ehtiyatlarının, keyfiyyətinin və iqtisadi səmərəliliyinin əvvəlcədən tam müəyyən edilməməsidir. Dövlət geoloji tədqiqatları və ilkin kəşfiyyatı genişləndirməklə investorun üzərinə düşən riski azalda bilər. Yatağın potensialı nə qədər dəqiq müəyyənləşdirilərsə, özəl investisiyanın cəlb edilməsi də bir o qədər asanlaşar.

Dövlət, həmçinin metallurgiya müəssisələrinin enerji, su, yol, dəmir yolu və logistika təminatını yaxşılaşdırmaqla dolayı təşviq yarada bilər. Çünki metallurgiya enerji tutumlu sahədir və məhsulun maya dəyərində enerji və logistika xərclərinin payı yüksək ola bilər. İnfrastruktur xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması müəssisələrin rəqabət qabiliyyətini yüksəldə bilər”.

Akif Nəsirli hesab edir ki, digər mühüm mexanizm yerli emalın stimullaşdırılmasıdır:

“Əgər dövlət yalnız filiz hasilatını təşviq etsə, ölkə xammal ixrac edən modeldə qala bilər. Buna görə güzəştlərin və investisiya təşviqlərinin filizin ölkə daxilində emal səviyyəsi ilə əlaqələndirilməsi daha məqsədəuyğun ola bilər. Məsələn, daha dərin emal həyata keçirən, hazır və ya yarımfabrikat metal məhsulları istehsal edən müəssisələr üçün daha əlverişli təşviq mexanizmləri tətbiq edilə bilər.

Bununla yanaşı, metallurgiya sahəsində elmi-tədqiqat və texnoloji yeniliklərin dəstəklənməsi də vacibdir. Müasir texnologiyalar daha az enerji sərfiyyatı, daha yüksək məhsuldarlıq və daha az tullantı hesabına istehsal aparmağa imkan verir. Dövlət innovasiya layihələrinə qrantlar, güzəştli maliyyələşmə və tədqiqat institutları ilə müəssisələrin əməkdaşlığını stimullaşdıran mexanizmlər yarada bilər”.

Ekspertin sözlərinə görə, sektorun inkişafında ən mühüm məsələlərdən biri də ekoloji tələblərə əməl edilməsidir:

“Dağ-mədən və metallurgiya fəaliyyəti düzgün idarə olunmadıqda torpaq, su və hava üçün ciddi risklər yarada bilər. Buna görə dövlət dəstəyi ekoloji standartların yumşaldılması formasında deyil, əksinə, daha müasir və ekoloji təhlükəsiz texnologiyalara keçidi stimullaşdıran formada qurulmalıdır. Tullantıların təkrar emalı, suyun dövri istifadəsi və enerji səmərəliliyinin artırılması kimi layihələr ayrıca təşviq edilə bilər”.

Akif Nəsirli vurğulayıb ki, nəticə etibarilə dövlət proqramının əsas məqsədi yalnız daha çox filiz çıxarmaq və daha çox metal istehsal etmək olmamalıdır:

“Əsas hədəf Azərbaycanda “yataq–hasilat–emal–metallurgiya–hazır məhsul–ixrac” zəncirinin formalaşdırılması olmalıdır. Bu zəncir nə qədər uzun, ölkə daxilində yaradılan əlavə dəyər nə qədər yüksək olarsa, sektorun iqtisadiyyata, ixraca, məşğulluğa və qeyri-neft sənayesinin inkişafına təsiri də bir o qədər böyük ola bilər”.

Bahar Rüstəmli