Xəbər lenti

Alimlər dünyada ilk dəfə “toxunula bilən” ekran yaratdılar
Dünya 14:56 08.12.2025

Alimlər dünyada ilk dəfə “toxunula bilən” ekran yaratdılar

Kaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər.

Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics” jurnalında dərc olunub.
 
Burada Yon Visselin rəhbərlik etdiyi komandanın araşdırması, ilk sınaqların nəticələri və cihazın təsviri yer alır. Displey nazik membranın altında yerləşən yüzlərlə xırda hava kamerası və işıq impulsları ilə qızdırılan qrafit örtükdən ibarətdir.

Bu tədqiqat bir il davam edən uğursuz modellərdən sonra nəticə verib. 2022-ci ilin sonunda araşdırmaçı Maks Linnander ilk işlək pikseli yaradıb. Membranın altındakı kiçik kamera lazer impulsu ilə işıqlandırıldıqda hava qızır və səthi təxminən bir millimetr qaldırır — bu qədər hərəkət barmağın yüngül toxunuşu hiss etməsi üçün kifayətdir.

Tam funksional prototip eyni prinsiplə işləyir, lakin artıq 1500-dən çox piksel massivində. Tək lazer şüası səth üzrə sürətlə hərəkət edərək nöqtələri bir-bir qaldırır və həm vizual, həm də toxunma ilə hiss olunan davamlı animasiya yaradır.

Sınaqlarda iştirakçılar relyefin formasını və nöqtələrin hərəkətini əminliklə ayırd edə biliblər. 2–100 millisekund arasında dəyişən reaksiya sürəti hamar konturlar və sadə simvolların ötürülməsini mümkün edir. Alimlərin sözlərinə görə, gələcəkdə daha böyük panelləri müasir proyektorların istifadə etdiyi kompakt skan edən lazerlərlə işıqlandırmaq mümkün olacaq.

Tədqiqatçılar hesab edirlər ki, belə səthlər avtomobillərdə, toxunma əsaslı elektron kitablarda və ya əl hərəkətinə uyğunlaşan tədris vizual sxemlərində istifadə oluna bilər.

Bundan əvvəl ABŞ-da dünyada ilk tam "şəffaf” monitorun təqdim edildiyini xəbər vermişdik. İstifadəçilər hətta monitorda şəffaflığın səviyyəsini tənzimləyə biləcəklər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->