"Nə Koçaryanın, nə də ki digər sabiq prezidentlərin heç birinin Paşinyana qarşı etiraz təkil etmək gücü yoxdur. Son zamanlar meydana çıxmış yeni qüvvələrin də şansları olduqca aşağıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ermənistanda qarşıdan gələn ilin iyununda keçiriləcək parlament seçkilərində keçmiş prezident Robert Koçaryanın şanslarını şərh edərkən deyib.
Həmsöhbətimizin fikrincə, Ermənistanda seçki kampaniyasının indidən başlanması onu deməyə əsas verir ki, proses gərgin keçəcək:
"Siyasi arena artıq bir-birinə kəskin şəkildə zidd olan iki cəbhəyə bölünüb, sabiqlər, kilsə və Paşinyan. Sabiqlərdən Koçaryanın da namizəd olmaq ehtimalı var. Bu gözləniləndir. Ancaq əsas məsələ Rusiyanın hansı namizədin üzərində duracağından asılı olacaq. Bu, Sarkisyan da ola bilər, habelə tamamilə yeni fiqur da. Amma bütün hallarda görünən odur ki, sabiqlərin və Paşinyana qarşı çıxan yeni qüvvələrin şansları aşağıdır. Proses göstərir ki, hazırkı baş nazir Paşinyanın mövqeyi daha güclüdür".
Ekspert qeyd edib ki, erməni toplumu artıq sabiqlərdən yorulub:
"Erməni toplumu artıq sabiqlərin hakimiyyətindən çəkdiklərini çəkiblər və nəticəsi də bəllidir. Ona görə də revanşist bir hakimiyyətin onlar üçün qorxulu ssenari olduğunu başa düşürlər. Bu baxımdan, seçkidə Paşinyanın qələbə qazanacağı mütləqdir. Amma geosiyasi konyukturun gedişindən asılı olaraq seçki prosesində hər şey ola bilər. Hesab edirəm ki, prosesdə maraqlı olan qüvvələr, o cümlədən də Azərbaycan da özünə sərf edən variantı dəqiqləşdirib öz fəaliyyətini bunun üzərində qurmalıdır".
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan mətbuata açıqlamasında 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərdə namizədliyini irəli sürə biləcəyini deyib. "Formatla bağlı yekun qərar verməmişik. Amma çox güman ki, iştirak edəcəyəm", sabiq prezident bildirib.
Rüfət Sultan
Şərhlər