Xəbər lenti

Alimlər dünyanın sonunu proqnozlaşdırdı: Yer Günəş tərəfindən udulmayacaq
Dünya 23:40 24.06.2026

Alimlər dünyanın sonunu proqnozlaşdırdı: Yer Günəş tərəfindən udulmayacaq

Uzun illərdir hesab olunurdu ki, təxminən beş milyard ildən sonra Günəş genişlənərək Yer planetini udacaq və bununla da dünyamızın sonu gələcək. Lakin yeni araşdırma göstərir ki, hadisələr tamamilə fərqli inkişaf edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Daily Mail” yazır.

Alimlər indi hesab edirlər ki, Günəşin ömrünün son mərhələsində baş verəcək proseslər Yeri məhv olmaqdan xilas edərək onu açıq kosmosa doğru uzaqlaşdıra bilər. Tədqiqatçılar bildirirlər ki, Mars da eyni aqibətdən qurtula bilər. Lakin Günəşə ən yaxın olan Merkuri və Venera planetləri böyük ehtimalla ulduz tərəfindən udulacaq.

Araşdırmanın aparıcı müəllifi, Belçikanın Leuven Universitetinin doktorantı Mats Esselders bildirib ki, Yerin taleyi iki qüvvə arasındakı həssas tarazlıqdan asılı olacaq.

Onun sözlərinə görə, bir tərəfdən Yeri Günəşə doğru çəkəcək qravitasiya mənşəli gelgit qüvvələri fəaliyyət göstərəcək, digər tərəfdən isə Günəşin kütlə itirməsi nəticəsində yaranacaq güclü ulduz küləkləri planeti əks istiqamətə itələyəcək.

"Əgər gelgit təsirləri üstün gəlsə, Yer Günəş tərəfindən udulacaq. Əgər Günəşin kütlə itirməsi daha güclü olsa, Yer ulduzun radiusundan kənara çıxan yeni orbitə keçəcək”, deyə Esselders vurğulayıb.

Günəş necə dəyişəcək?

Günəş kimi ulduzlar nüvələrində hidrogen yanacağı olduğu müddətdə sabit qalırlar. Hidrogenin nüvə sintezi nəticəsində yaranan enerji cazibə qüvvəsinin ulduzu içəriyə doğru sıxmasına mane olur.

Lakin hidrogen ehtiyatları tükənməyə başlayanda bu tarazlıq pozulur və ulduz sıxılmağa başlayır. Nəticədə nüvədə temperatur artır, helium atomları karbona çevrilərək yeni enerji partlayışları yaradır.

Bu proses Günəşin xarici qatlarının sürətlə genişlənməsinə səbəb olur və o, "qırmızı nəhəng” mərhələsinə keçir. Belə ulduzların ölçüsü indiki vəziyyətindən 100–1000 dəfə böyük ola bilər.

Alimlər Günəşin nə qədər böyüyəcəyini dəqiq bilmirlər. Lakin indiyədək bir çox tədqiqatçı hesab edirdi ki, hətta Günəş Yerin indiki orbitinə çatmasa belə, planet yenə də məhv olacaq.

Bunun səbəbi "gelgit səpilməsi” adlanan prosesdir. Günəş genişləndikcə Yerin cazibə qüvvəsi onun səthində kiçik qabarıqlıq yaradır. Bu hadisə Ayın Yer okeanlarında qabarma-çəkilmə yaratmasına bənzəyir.

Bu "dalğa” planetin hərəkətinə əks təsir göstərərək onun orbital enerjisini tədricən azaldır və Yeri Günəşə yaxınlaşdırır.

Yeni hesablamalar nə göstərir?

Əvvəllər alimlər hesab edirdilər ki, məhz bu gelgit qüvvələri Günəşin kütlə itirməsi nəticəsində yaranan əks təsirdən daha güclü olacaq və Yer qaçılmaz şəkildə Günəşə düşəcək.

Lakin Esselders və həmkarları bildirirlər ki, əvvəlki modellərdə gelgit təsirlərinin gücü olduğundan artıq qiymətləndirilib.

Tədqiqatçılar daha müasir modellərdən istifadə edərək göstəriblər ki, bu təsirlər əslində əvvəl düşünüləndən xeyli zəifdir.

Alimlər həmçinin Günəşə bənzər və "Günəşin yaşlı qohumu” adlandırılan "L2 Puppis” ulduzunun müşahidə nəticələrindən istifadə edərək Günəşin gələcəkdə nə qədər kütlə itirəcəyini hesablayıblar.

Bu məlumatlar əsasında aparılan modelləşdirmələr göstərib ki, Günəş küləklərinin yaratdığı təsir Yeri xaricə doğru itələyə bilər.

Araşdırmanın həmmüəllifi, Fransanın "CEA Paris-Saclay” elmi mərkəzinin alimi Stefan Mati bildirib: "Gelgit fizikasının daha dərindən öyrənilməsi və Günəşin kütlə itirməsi ilə bağlı ən yeni məlumatlar bizə göstərir ki, mövcud biliklərə əsasən Yer əvvəlki proqnozların əksinə olaraq Günəşdən uzaqlaşa bilər”.

Yerin taleyi hələ də qeyri-müəyyəndir

Bununla belə, alimlər yekun nəticə çıxarmağa tələsmirlər.

Onların sözlərinə görə, Yerin xilas olması ilə məhv olması arasındakı sərhəd çox incədir. Kompüter modellərində istifadə edilən göstəricilərdə cüzi dəyişikliklər belə planetin ya Günəşə düşməsinə, ya da kosmosa uzaqlaşmasına səbəb olub.

"Astronomy & Astrophysics” jurnalında dərc olunan məqalədə qeyd edilir ki, Günəşin qırmızı nəhəng mərhələsində kütlə itirmə sürəti ilə bağlı qeyri-müəyyənliklər səbəbindən Yerin son taleyi hələ də dəqiq məlum deyil.

Hətta Yer sağ qalsa belə...

Tədqiqatçılar qeyd edirlər ki, Yer Günəş tərəfindən udulmasa belə, bu, həyatın xilas olacağı anlamına gəlmir.

Qırmızı nəhəng mərhələsindən sonra Günəş nüvə yanacağını tam tükədərək ağ cırtdan adlanan çox sıx ulduza çevriləcək. Daha sonra o, tədricən soyuyacaq və sönəcək.

Bu halda Yer donmuş, həyatın mümkün olmadığı bir planetə çevriləcək.

Alimlərin hesablamalarına görə, bu mərhələ ən azı yeddi-səkkiz milyard il sonra baş verəcək.

Aydın
--> -->