Almaniyanın iqtisadiyyat və energetika naziri Katarina Rayxe ifrat sağçı “Almaniya üçün alternativ” (AfD) partiyasının populyarlığının artmasının ölkəyə investisiyalara mənfi təsir göstərə biləcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində deyib.
Rayxenin sözlərinə görə, AfD-yə artan dəstək potensial investorlar arasında narahatlıq yaradır.
Nazir bildirib ki, Almaniya hökuməti 2040-cı ilədək ölkə iqtisadiyyatına, o cümlədən xarici mənbələrdən, ümumilikdə 3,75 trilyon avro əlavə özəl kapital cəlb etmək istəyir. Onun fikrincə, AfD-nin yüksəlişi bu planın həyata keçirilməsinə mane ola bilər.
Rayxe AfD-nin “açıq şəkildə bazar iqtisadiyyatının əleyhinə olduğunu” və partiyanın proqramının iqtisadi siyasətlə bağlı “aydın konsepsiyası” olmayan, “sosialist elementlərdən” ibarət “vəhşi qarışıq” olduğunu söyləyib.
Almaniyada AfD-nin populyarlığı son illərdə əhəmiyyətli dərəcədə artıb. Son sorğulara əsasən, partiya seçicilərin 28 faizinin dəstəyini qazanaraq reytinqdə birinci yerdədir. Ondan sonra gələn “Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı”nı (XDİ/XSS) seçicilərin 21 faizi, “Yaşıllar” partiyasını isə 15 faizi dəstəkləyir.
Sentyabr ayında Almaniyanın bir neçə federal torpağında regional seçkilər keçiriləcək. Sorğular göstərir ki, AfD Zaksen-Anhalt torpağında mütləq çoxluq əldə edə, Meklenburq-Ön Pomeraniyada qalib gələ və Berlində də yüksək nəticə göstərə bilər.
Aydın
Şərhlər