İtaliyanın Baş naziri Corcia Meloni gələn il keçiriləcək seçkilər öncəsi yüksələn sağçı rəqibi Roberto Vannaccinin təzyiqi ilə üzləşib. Vannaccinin yaratdığı ifrat sağçı "Milli gələcək" partiyasının reytinqinin 7 faizi keçməsi Meloninin koalisiya tərəfdaşı olan "Liqa" partiyasını geridə qoymasına imkan verib.
Qaynarinfo xəbər verir ki, bu vəziyyət Melonini öz seçici bazasını qorumaq üçün daha sərt siyasi ritorikaya keçməyə vadar edib. Baş nazir siyasi karyerasının başladığı sağ xəttə daha yaxın mövqe nümayiş etdirməyə başlayıb.
Meloni hökuməti ötən həftə Mərakeşdən İspaniyanın Ceuta şəhərinə yönələn güclü miqrasiya axınından sonra Madridə reaksiya verən ilk Avropa İttifaqı hökuməti olub. İtaliya İspaniya ilə Şengen çərçivəsində sərbəst hərəkəti dayandırıb və İspaniyadan gələn sərnişinlər üçün hava limanlarında ayrıca nəzarət məntəqələri yaradıb. Meloni bu tədbirlərin ən azı avqustun 15-dək davam edəcəyini açıqlayıb. İspaniya da İtaliya vətəndaşlarına qarşı oxşar tədbirlər görüb.
Meloni sosial media hesabında qanunsuz miqrasiya məsələsində "bir millimetr belə geri addım atmayacağıq" deyərək sərhədlərin qorunması, insan alveri ilə mübarizə və qeyri-qanuni miqrantların ölkələrinə qaytarılmasının hökumətinin prioritetləri olaraq qalacağını bildirib.
"Politico"nun məlumatına görə, Meloninin sərtləşən ritorikasının arxasında keçmiş general Vannaccinin yüksəlişi dayanır. Gələn ilin yazında keçirilməsi gözlənilən seçkilər ərəfəsində Vannaccinin "Milli gələcək" partiyası Meloninin koalisiyasındakı ifrat sağçı "Liqa"nı geridə qoyub və "Forza Italia"ya da yaxınlaşıb.
Siyasi analitiklər hesab edirlər ki, Meloni üçün əsas məsələ "Milli gələcək" partiyasının yüksəlişinin qarşısını almaqdır. Onların fikrincə, bu məqsədlə ritorikanın sərtləşdirilməsi əsas vasitəyə çevrilib. Təhlükəsizlik, miqrasiya və milli kimlik məsələləri isə yenidən siyasi gündəmin mərkəzinə çıxıb.
Meloni 2022-ci ildə hakimiyyətə gələrkən İtaliya sahillərində dəniz blokadası yaradaraq qanunsuz miqrasiyanı dayandıracağına söz vermişdi. Bu plan həyata keçirilməsə də, hökuməti sığınacaq müraciətlərinə baxılana qədər miqrantların saxlanılması üçün Albaniyada mərkəzlər yaradıb.
Vannacci isə daha sərt siyasət təklif edir. Keçmiş general hələ detalları açıqlanmayan "remiqrasiya" siyasəti çərçivəsində miqrantların öz ölkələrinə qayıtmasının təşviq edilməsini müdafiə edir.
İspaniyanın Ceuta şəhərində Mərakeşdən on minlərlə miqrantın bölgəyə keçməyə çalışması ilə bağlı böhran Meloni üçün qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin hökumətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirmək imkanı yaradıb. Hadisələr zamanı təxminən 100 nəfərin öldüyü bildirilir.
Meloni ilə Vannacci arasındakı əsas fikir ayrılıqlarından biri isə Ukrayna məsələsində ortaya çıxır. Meloni Ukraynaya dəstəyini davam etdirir. "Liqa" partiyası və Vannacci isə Moskva ilə bağlı daha yumşaq mövqenin tutulmasını, Kiyevə hərbi yardımın azaldılmasını və müdafiə xərclərinin artırılmasının məhdudlaşdırılmasını müdafiə edir.
Aydın
Şərhlər