Xəbər lenti

Alimlər qədim İrlandiyada
Dünya 23:59 24.06.2025

Alimlər qədim İrlandiyada "ilah kral" mifini təkzib etdi

İrlandiyada 5500 il əvvəl guya qohum evliliyinə əsaslanan bir kral sülaləsinin hökm sürdüyü barədə məşhur versiya süquta uğrayıb. Dublin Universitet Kollecinin arxeoloqları tərəfindən aparılan yeni tədqiqat, bu qənaətin yalnız bir kəllə sümüyü fraqmentinə əsaslanaraq gəlindiyini və elmi əsaslardan uzaq olduğunu ortaya qoyub. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Antiquity” jurnalında dərc olunub.

"Nyugreyndj" qəbri və şübhəli nəticələr

Tədqiqatın mərkəzində duran "Nyugreyndj” adlı meqalitik qəbir, təxminən 5000 il əvvəl Boyn vadisində inşa olunub və Avropanın ən qədim meqalitlərindən biri sayılır. Bu məzar kompleksi həm Stounhencdən, həm də Misir ehramlarından daha qədimdir. Lakin 1960-cı illərdə aparılmış qazıntılarda yalnız beş nəfərə aid olduqca fraqmentləşmiş insan qalıqları aşkar olunmuşdu.

Əvvəllər həmin qalıqlardan birinin birbaşa qohumlar - məsələn, bacı və qardaş, yaxud valideyn və övlad - arasındakı izdivacdan doğulan kişiyə aid olduğu iddia edilirdi. Bu, onun Neolit dövrünün elit təbəqəsindən, bəlkə də "ilah kral” statusunda biri olduğunu düşünməyə əsas vermişdi. Misir fironları ilə müqayisələr aparılaraq, İrlandiyada da oxşar irsi hakimiyyət strukturunun mövcud ola biləcəyi irəli sürülmüşdü.

Yeni analiz: Nə krallar, nə də sübutlar var

Lakin professor Cessika Smit və professor Nil Karlin bu qənaətin əsassız olduğunu bildirirlər. Onların qeyd etdiyinə görə, nə digər məzar abidələrində, nə də tapılmış insan qalıqları arasında yaxın qohum nikahına dair başqa bir sübut yoxdur. Genetik analizlər göstərir ki, müxtəlif məqalitlərdə dəfn olunan şəxslər arasında ən yaxın əlaqələr üçüncü dərəcəli qohumluq – məsələn, əmioğlu, dayı nəvəsi və ya uzaq babalar səviyyəsində olub.

"İnsanların bu məzarlarda dəfn olunmaq üçün necə seçildiyi bizə məlum deyil. Bəlkə onlar icmanın əhəmiyyətli üzvləri, şamanlar, sənətkarlar və ya başqa cəhətdən önəmli şəxslər olublar”, deyə professor Smit izah edir.

Sosial strukturun izahında ehtiyatlılıq çağırışı

Araşdırmada həmçinin qeyd olunur ki, həmin dövrdə insan cəsədlərinin bütöv şəkildə dəfn olunması nadir hal idi: çox zaman cəsədlər yandırılır, hissələrə ayrılır və yaşayış məskənləri arasında daşınırdı. Bu isə sosial statusun arxeoloji dəlillərlə dəqiq müəyyən olunmasını çətinləşdirir.

Alimlərin qənaətinə görə, əvvəlki tədqiqatçılar çox zaman Neolit İrlandiyasını qədim Misir kimi iyerarxik cəmiyyətlərlə müqayisə ediblər. Bu isə real tarixi kontekstdən uzaqdır və incə fərqləri nəzərə almır.

"Qohum evliliyindən doğulan tək bir hal əsasında hakimiyyət sülaləsi barədə nəzəriyyə qurmaq elmi baxımdan zəif və təhlükəlidir”, deyə professor Karlin vurğulayır.

Neolit dövrünün romantik təsvirlərinə son

Tədqiqat müəllifləri "neolit kralları” barədə romantik obrazlardan uzaqlaşmağa və həmin dövr abidələrinə icma səylərinin simvolu kimi yanaşmağa çağırırlar. Onların fikrincə, bu kimi meqalitik tikililər şəxsi hakimiyyətin deyil, kollektiv əməkdaşlığın və mədəniyyətin ifadəsidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->