Xəbər lenti

Alimlərdən yeni kəşf: Yerdə fəsillərin dəyişməsi sinxron deyil
Dünya 22:22 21.12.2025

Alimlərdən yeni kəşf: Yerdə fəsillərin dəyişməsi sinxron deyil

Kaliforniya Universitetinin Berkeley kampusundan olan alimlər müəyyən ediblər ki, Yer üzündə fəsillərin dəyişməsi hətta yaxın bölgələrdə belə eyni vaxtda baş vermir.

Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature" jurnalında dərc olunub.

Komanda müəyyən edib ki, coğrafi enlik, yüksəklik və ya eyni yarımkürədə yerləşmək mövsümlərin ritminin eyni olacağı demək deyil. Bəzi yerlərdə yaz və ya bitki örtüyünün maksimum inkişaf dövrü xeyli əvvəldən başlayır, digər yerlərdə isə gecikir, hətta bu bölgələr bir-birinə yaxın olsa da.

Alimlər bu nəticəyə son 20 ildə Yer ekosistemlərini peyk müşahidələri vasitəsilə araşdırdıqdan sonra gəliblər. Bu məlumatlara əsaslanaraq onlar torpaq üzrə mövsümi dəyişiklikləri ətraflı göstərən xəritə hazırlayıblar. Xəritə iqlim və relyefin yaratdığı özünəməxsus "təbii saat zonalarını” ortaya qoyub.

Nəticələr göstərib ki, mövsümlərin xüsusilə güclü sinxronizasiya pozulması bioloji müxtəlifliyi yüksək olan bölgələrdə müşahidə olunur. Alimlərin fikrincə, belə dəyişkənlik qonşu yerlərdə fərqli yaşayış şəraitləri yarada və zamanla növlərin təkamülünə təsir göstərə bilər.

Məsələn, bitkilər yaxın bölgələrdə fərqli vaxtlarda çiçəklənirsə və ya resurslar mövsümlərə görə dəyişirsə, bu, heyvanların çoxalma dövrlərini dəyişdirə və hətta populyasiyaların qarışmasını əngəlləyə bilər. Uzun müddətli perspektivdə bu fərqliliklər yeni növlərin yaranmasına səbəb ola bilər.

"Yaxşı nümunə — Arizona ştatında Feniks və Tuson şəhərləri. Nisbətən yaxın olmalarına baxmayaraq, birində yağışın pik dövrü qışa, digərində isə yay mussonlarına təsadüf edir və bu fərqli ekosistemlər yaradır. Oxşar fərqliliklər Aralıq dənizi iqliminin müşahidə olunduğu bölgələrdə də var, burada bitki örtüyünün maksimal inkişafı digər yerlərə nisbətən gec baş verir", alimlər izah ediblər.

Tədqiqat müəllifləri vurğulayırlar ki, mövsümlərin "bir təqvim” əsasında qəbul edilməsi iqlim və ekoloji modellərdə reallığı sadələşdirir. Yerli fərqlilikləri nəzərə almaq vacibdir ki, iqlim dəyişikliyinin təbiət və insan üzərindəki təsirləri daha dəqiq proqnozlaşdırılsın.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->