Xəbər lenti

Soyuq müharibə mirası: Dünya nüvə silahlarının 90 fazi kimə məxsusdur?
Dünya 15:40 05.02.2026

Soyuq müharibə mirası: Dünya nüvə silahlarının 90 fazi kimə məxsusdur?

Hərbi texnologiyalar sahəsində bir sıra yeniliklər tarixin axarını dəyişib. Yelkənli gəmilərdən üzənginin ixtirasına qədər bu nailiyyətlər dünyanı yeni inkişaf yollarına yönəldib və onların arasında ən başlıcası nüvə silahı olub. İlk atom bombaları II Dünya müharibəsi zamanı hazırlanmış ən dəhşətli silah növlərindən idi və Yaponiyanın Xiroşima və Naqasaki şəhərlərinə zərbələr zamanı istifadə olunmuşdu. Müharibədən sonra nüvə silahı hərbi və xarici siyasətin əsas dayağına çevrilib və digər ölkələr də ABŞ-ın nümunəsini izləyərək öz arsenallarını yaratmağa başlayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "SlashGear" yazıb.

Nüvə klubuna kimlər daxildir?

Məqalənin yazıldığı vaxta olan məlumata görə, nüvə silahına malik doqquz ölkə var: Rusiya, Çin, Böyük Britaniya, Hindistan, Şimali Koreya, Fransa, Pakistan, İsrail və ABŞ. Qeyd etmək lazımdır ki, İsrail heç vaxt rəsmi şəkildə nüvə silahına malik olduğunu təsdiqləməyib, baxmayaraq ki, əksər beynəlxalq qurumlar onun belə silaha sahib olduğunu hesab edir.

Bundan əlavə, İsrail Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin (NPT) tərəfi deyil. Buna baxmayaraq, müxtəlif ölkələr bütün növ silahlara malikdir və ümumilikdə onların arsenalında 12 300-dən çox döyüş başlığı var ki, bunun 9 600-ü aktiv hərbi ehtiyatlarda saxlanılır.

Bu olduqca böyük rəqəm olsa da, dünya nüvə silahlarının 86,8%-i cəmi iki ölkənin payına düşür, qalan hissə isə digər yeddi dövlət arasında bölüşdürülüb. Həmin iki ölkə ABŞ və Rusiyadır və döyüş başlıqlarının sayı baxımından Rusiya ABŞ-ı üstələyir.

Bu ehtiyatlar ABŞ-ın "qarşılıqlı təmin edilmiş məhvetmə” (MAD) siyasətinin mirasıdır. Bu doktrina ABŞ və keçmiş SSRİ-nin nüvə müharibəsi baş verəcəyi təqdirdə bir-birini tam məhv etməyə kifayət edəcək atəş gücünə malik olmasını nəzərdə tuturdu.

Amerikanın nüvə ehtiyatı

Soyuq müharibə onilliklər əvvəl başa çatsa da, ABŞ hələ də böyük nüvə arsenalını qoruyur. Bu, ABŞ-ın "nüvə triadası” konsepsiyasına uyğundur. Həmin siyasət nüvə başlıqlarının üç daşıyıcı vasitə ilə daimi hazır vəziyyətdə saxlanılmasını tələb edir: sualtı qayıqlardan buraxılan ballistik raketlər, qitələrarası ballistik raketlər və havadan buraxılan nüvə silahları (strateji bombardmançılar).

Soyuq müharibənin bitməsindən sonra arsenal əhəmiyyətli dərəcədə azalsa da, ABŞ 2025-ci il üçün "Amerika alimləri federasiyası"nın (FAS) "Dünya nüvə qüvvələrinin vəziyyəti” hesabatına əsasən 5 177 döyüş başlığı saxlayır.

Silahlar üç kateqoriyaya bölünür:

1. Yerləşdirilmiş döyüş başlıqları – ballistik raketlərə quraşdırılmış və bombardmançı bazalarında yerləşən başlıqlar. ABŞ-da onların sayı 1 670-dir.
2. Ehtiyatda olanlar – zərurət yaranarsa istifadə üçün saxlanılan 1 930 döyüş başlığı.
3. Siyahıdan çıxarılmışlar – ümumi sayın 1 477-ni təşkil edir. Bu silahlar istifadə üçün nəzərdə tutulmur, lakin hələ tam sökülməyib.

Beləliklə, ABŞ-ın istifadəyə yararlı 3 700 nüvə döyüş başlığı var. ABŞ nüvə silahı texnologiyalarını inkişaf etdirməyə davam edir, baxmayaraq ki, sınaqlar çoxsaylı müqavilələrlə ciddi şəkildə məhdudlaşdırılıb. Bir sıra müdafiə podratçıları və dövlət qurumları raket və döyüş başlıqları istehsal edir, modernizasiya işləri isə Texas və Tennessi ştatlarındakı obyektlərdə aparılır. Bu, ölkənin nüvə potensialının müxtəlif ərazilərə yayılmasını və daimi hazırlıq vəziyyətində saxlanmasını təmin edir.

Rusiyanın nüvə arsenalı

Nüvə döyüş başlıqlarından söhbət gedəndə Rusiya və keçmiş Sovet İttifaqı lider mövqe tutur. SSRİ tarixdə sınaqdan keçirilmiş ən güclü nüvə silahını – 50 meqaton gücündə qiymətləndirilən "Çar-bomba”nı hazırlamışdı.

Əlbəttə, bu, çoxsaylı nümunələrdən yalnız biri idi. SSRİ dağıldıqdan sonra tərkibində olan respublikalar silahların bir hissəsini saxlamışdılar. Ukrayna bir müddət denuklearizasiya prosesinədək dünyada üçüncü ən böyük nüvə arsenalına malik idi. Digər ölkələr də oxşar addımlar atdılar.

Bu gün FAS-ın 2025-ci il hesabatına görə, Rusiyanın ümumi ehtiyatı 5 459 döyüş başlığıdır. Rusiya arsenalı belə bölünür:

* 1 780 yerləşdirilmiş döyüş başlığı;
* 2 591 ehtiyatda saxlanılan döyüş başlığı;
* 150 siyahıdan çıxarılmış başlıq.

Bu isə Rusiyanın istifadəyə yararlı 4 309 döyüş başlığına malik olduğunu göstərir. Nəticədə, Rusiyanın ABŞ-dan 609 ədəd daha çox nüvə döyüş başlığı var, lakin dünyanı tam məhv edə biləcək silahlar kontekstində bu fərq böyük məna daşımır. ABŞ kimi, Rusiya da silahlarını müxtəlif hazırlıq səviyyələrində saxlayır: ölkənin nüvə sualtı qayıqları, strateji bombardmançıları və lazım gəldikdə buraxıla bilən qitələrarası ballistik raketləri mövcuddur.

Rusiya və ABŞ-ın əlində çoxlu nüvə silahı olsa da (dünya ehtiyatının demək olar ki, 90%-i), bu göstəricilər keçmişlə müqayisədə xeyli aşağıdır. 1986-cı ildə dünyada təxminən 70 374 nüvə döyüş başlığı mövcud idi. Bu sayın azaldılması və silahların sökülməsi uzun vaxt aparıb və beynəlxalq müqavilələr ölkələri yerləşdirilmiş silahların sayını azaltmağa təşviq etməyə davam edir.

Aydın

--> -->