Rusiya iqtisadiyyatı hərbi istehsalın xeyrinə vətəndaş sektorundan çox istifadə etməsi səbəbindən 2026-cı il ərzində "geri dönülməz nöqtəyə” yaxınlaşa bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan "The Guardian”a müsahibəsində bildirib.
"2026-cı ildə biz o nöqtəyə çata bilərik ki, vəziyyət dayanıqsızlaşacaq, çünki Rusiya iqtisadiyyatının böyük hissəsi vətəndaş iqtisadiyyatı hesabına hərbi iqtisadiyyatın qurulması ilə deformasiya olunub. Mən hesab edirəm ki, iqtisadi qanunları pozmaq yalnız müəyyən müddət mümkün ola bilər", deyə O’Sallivan bildirib.
Diplomat həmçinin sanksiyaların "panacea” olmadığını, hər zaman onun ətrafından yolların tapılacağını etiraf edib, lakin dörd illik müharibədən sonra sanksiyaların təsirli olduğunu vurğulayıb:
"Mən kifayət qədər nikbinəm. Hesab edirəm ki, sanksiyalar həqiqətən Rusiya iqtisadiyyatına ciddi zərbə vurub".
Bu açıqlamalar Ukraynanın enerji infrastrukturu üzərində Rusiya hücumlarının artdığı sərt qış fonunda səsləndirilib. Ukrayna tərəfinin məlumatına görə, ötən ay Rusiya yanvar 2025-ci illə müqayisədə iki dəfə çox dron və raket işə salıb.
Eyni zamanda hərbi xərclər Rusiya iqtisadiyyatına daha çox təzyiq göstərir. Xüsusilə neft gəlirləri azalır, inflyasiya artır və yüksək faiz dərəcələri vətəndaş sahələrində kreditləşməni çətinləşdirir. Avropa İttifaqında hesab edirlər ki, bu vəziyyət Rusiya iqtisadi sistemində gərginliyin artdığını göstərir.
Qeyd olunur ki, genişmiqyaslı müharibənin başlanmasından bəri Avropa İttifaqı Rusiya üzərinə 19 sanksiya paketi tətbiq edib, 2 700-dən çox şəxs və şirkətə məhdudiyyət qoyub, həmçinin enerji, aviasiya, İT, lüks və istehlak malları, eləcə də qızıl və almaz ticarətini dayandırıb. Əsas prioritetlərdən biri Rusiya üçün silah istehsalında istifadə oluna biləcək Qərb texnologiyaları və komponentlərinə çıxışı məhdudlaşdırmaqdır.
Rusiya iqtisadiyyatındakı problemlər fonunda Vladimir Putin bu il hərbi iqtisadiyyatın zəifləməsi ilə bağlı vergilərin əhəmiyyətli dərəcədə artırılmasını tapşırıb. Əlavə gəlirlərin bir hissəsi istehlak vergilərinin artırılmasından təmin olunacaq: 1 yanvar 2026-cı ildən bu vergi 20%-dən 22%-ə qaldırılıb.
2025-ci ildə Rusiya federal büdcəsinin defisiti ÜDM-in 2,6%-ni təşkil edib. Eyni zamanda 2025-ci ildə neft və qaz satışlarından əldə olunan gəlirlər 8,48 trilyon rubla (111,2 milyard dollar) qədər azalıb ki, bu da 2024-cü illə müqayisədə təxminən 24% azdır (2024-cü ildə gəlir 11,13 trilyon rubl, 146 milyard dollar olub).
Aydın
Şərhlər