İlk baxışdan fotolardakı mənzərələr səhraya bənzəyir. Lakin bu görüntülər Avropanın ən mühüm ticarət yollarından biri və qitənin ikinci ən uzun çayı olan Dunaydan çəkilib. Xüsusilə Xorvatiya və Rumıniyadan yayılan yeni görüntülər Dunay çayında suyun səviyyəsinin narahatedici dərəcədə aşağı düşdüyünü göstərir.
Qaynarinfo xəbər verir ki, Avropanı bürüyən anomal isti hava şəraitində qitənin can damarı hesab olunan çaylarda suyun səviyyəsi kritik həddə enib.
10 ölkənin ərazisindən keçərək Qara dənizə tökülən Dunay çayında son vəziyyət fotolarda əks olunub.
Rekord səviyyədə quraqlıq və anomal isti hava Dunayın dibində İkinci Dünya müharibəsi dövrünə aid qalıqların da üzə çıxmasına səbəb olub.
Serbiya ilə Rumıniya sərhədində çayın ortasında, normalda su altında qalan qum təpəsində gəmi qalıqları görünüb. Bildirilir ki, bu, nasist Almaniyasının donanmasına aid batmış gəminin qalıqlarıdır.
Serbiya hökuməti əvvəllər bu qalıqları çıxarmağa çalışsa da, gəmilərdəki partlayıcı maddələr səbəbindən onların böyük hissəsini yerindən tərpətmək mümkün olmayıb.
İkinci Dünya müharibəsindən qalan digər hərbi sursat və texnikalar da çayın müxtəlif hissələrində aşkarlanıb. Macarıstanda Almaniya ordusuna məxsus hərbi motosiklet tapılıb, Slovakiyada isə polis əməkdaşları 700 kiloqramlıq partlamamış Britaniya bombasını aşkar ediblər.
Avropanın iki ölkəsindən yayılan yeni görüntülər Dunay çayında suyun səviyyəsinin nə qədər aşağı düşdüyünü nümayiş etdirir. Macarıstandan yayılan kadrlarda çayın qumlu dibinin üzə çıxdığı və insanların həmin ərazidə piyada hərəkət edə bildiyi görünür.
Suyun çəkilməsi nəticəsində çox sayda qayıq limanda ilişib qalıb. Rumıniyadan da oxşar görüntülər yayılıb.
Copernicus məlumatlarının AFP tərəfindən aparılan təhlilinə görə, təxminən 900 milyon insanın yaşadığı ərazilərdə rekordların qeydə alınmasından bəri ən isti iyul ayı yaşanıb.
Copernicusun ERA5 iqlim modelindəki milyardlarla məlumat nöqtəsinin təhlili əsasında hazırlanan hesablamalara görə, 33 ölkədə ölçmələrin başlanmasından bəri ən isti iyul ayı qeydə alınıb.
Aydın
Şərhlər