Almaniya hökuməti ABŞ prezidenti Donald Trampın qərarından sonra ölkənin müdafiə sistemində yaranan boşluğu aradan qaldırmaq yollarını araşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Almaniyadakı minlərlə hərbçisini çıxarıb. Bu ixtisarlara Almaniyada yerləşdirilməsi planlaşdırılan uzun mənzilli "Tomahawk” qanadlı raketlərini idarə etməli olan xüsusi bölmələr də daxildir. Bu raketlər Rusiya ilə strateji balansın qorunmasında əsas çəkindirmə vasitəsi kimi qiymətləndirilirdi.
Almaniya parlamentinin deputatı Metin Hakverdi bu qərarı "təhlükəli addım” adlandıraraq bildirib ki, bu, NATO-nun Rusiya qarşısında çəkindirmə imkanlarında boşluq yaradır.
Ekspertlərin fikrincə, Avropa ölkələri hazırda bu qədər uzaq məsafəyə zərbə endirə biləcək silahlara sahib deyil. "Tomahawk” raketlərinin 1600 kilometrədək məsafəyə zərbə endirə bilməsi, Kalininqradda yerləşən Rusiya "İskəndər” sistemlərinə cavab kimi dəyərləndirilirdi.
Almaniya kansleri Fridrix Mers də vəziyyətin çətin olduğunu etiraf edib və ABŞ-ın bu cür silahları Almaniyaya yerləşdirməsinin hazırda real görünmədiyini bildirib.
Məlumata görə, Berlin üç əsas variantı nəzərdən keçirir: "Taurus” raketlərinin modernləşdirilmiş "Neo” versiyasının hazırlanması, ABŞ sistemlərinin alınması və ya yeni ümumavropa raket sisteminin yaradılması. Lakin ekspertlər bildirirlər ki, bu variantların heç biri qısa müddətdə həyata keçirilə bilməz. "Neo” versiyasının 1000 kilometrə qədər məsafəyə malik ola biləcəyi, lakin 2030-cu ildən sonra istifadəyə verilə biləcəyi qeyd olunur.
Mütəxəssislər Avropanın bu vəziyyətdə Rusiya tərəfindən təzyiqlərə daha açıq qalacağını bildirirlər.
Eyni zamanda ABŞ-ın Almaniyanın Vilzek şəhərində yerləşən hərbi bazasından qüvvələrinin bir hissəsini çıxarmağa başladığı da qeyd olunur. Prosesin 6–12 ay ərzində tamamlanacağı bildirilir. Bu qərar yerli iqtisadiyyata mənfi təsir göstərə bilər.
Polşa isə ABŞ qoşunlarının bir hissəsinin Almaniyadan çıxarılaraq öz ərazisinə yerləşdirilməsi ehtimalını istisna etmir və bu barədə Vaşinqtonla danışıqlar aparır.
Günay
Şərhlər