Arxeoloqlar İsveçrə Alplarında Roma dövrünü araşdırarkən təxminən 2000 illik Roma hərbi düşərgəsi aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wionews" məlumat yayıb.
Qraubünden kantonunun açıqlamasına görə, düşərgə strateji baxımdan yüksək nöqtədə yerləşir ki, qoşunlar vadiləri və dağ keçidlərini müşahidə edə bilsinlər. Əks halda bu əraziləri izləmək çətin olardı. Düşərgədən yalnız xəndəklər və torpaq divar qalıb. Ən diqqətçəkən tapıntı isə üzərində 3-cü Roma legionunun nişanı olan qurğuşun sapand güllələri olub.
Bazel Universitetinin tədqiqatçıları Qraubünden arxeoloji xidməti ilə birlikdə 2021-ci ildən Kunter və Tifenkastel arasında yerləşən Krap-Ses ərazisini araşdırıblar. Onlar Oberhalbştayn Alplarında Roma döyüş meydanı haqqında məlumatlı idilər, lakin könüllülərdən birinin diqqətini çəkən qeyri-adi tapıntı gözlənilməz nəticəyə gətirib çıxarıb.
Qeyd olunur ki, Kolm-la-Runqa keçidi istiqamətində, döyüş meydanından 914 metr yuxarıda yerləşən sahədə relyefin təsirli strukturu aşkarlanıb. Tədqiqatçılar yüksək dəqiqlikli rəqəmsal relyef modelləri və LiDAR məlumatlarından istifadə edərək bu yüksək dağlıq zonanın möhkəmləndirilmiş olduğunu müəyyən ediblər.
Dəniz səviyyəsindən 2133 metr yüksəklikdə yerləşən düşərgə üç xəndək və torpaq val ilə gücləndirilib. Bu, romalılara düşmənin hərəkətini böyük məsafədən izləməyə imkan verib. Eyni zamanda onlar Landvasertel, Albulatel, Domleşq və Surses vadilərini, eləcə də Lenzerhayde dağ keçidini nəzarətdə saxlaya biliblər.
Araşdırmalar zamanı tapılan silah nümunələri döyüş meydanının dövrü ilə üst-üstə düşüb.
Avqust ayında könüllülərə tələbələr də qoşularaq düşərgəni daha ətraflı araşdırıblar. Onlar sapand güllələri, ayaqqabı mismarları və Roma əsgərlərinə aid digər avadanlıqlar aşkar ediblər. Sapand güllələrindəki 3-cü legion nişanı düşərgənin Krap-Ses döyüşü ilə əlaqəli olduğunu təsdiqləyib.
Silahların tarixləndirilməsi göstərib ki, həm düşərgə, həm də döyüş meydanı təxminən 2000 il əvvələ aiddir. Tədqiqatçılar bu hərbi düşərgəni romalıların yüksək dəqiqliklə fəaliyyət göstərdiyini sübut edən "sensasion kəşf” adlandırıblar.
Aydın
Şərhlər