Xəbər lenti

Amazon cəngəlliklərində nəhəng kürələr: İçindəkilər arxeoloqları heyrətləndirdi
Dünya 16:53 09.04.2026

Amazon cəngəlliklərində nəhəng kürələr: İçindəkilər arxeoloqları heyrətləndirdi

Braziliyanın Amazonas ştatının dərinliklərində, Koçila gölü yaxınlığında ağac kəsimi zamanı yeddi böyük keramika urna aşkar edilib. Lakin arxeoloqları ən çox təəccübləndirən onların içində tapılan qalıqlar olub, çünki bu cür materialların bir yerdə olması qeyri-adi sayılır. 

Qaynarinfo xəbər verir ki, bu barədə indiandefencereview.com yazır.

Qazıntılar zamanı aşkar edilən yeddi urnada insan sümükləri, balıq sümükləri və tısbağa qabıqları kimi müxtəlif qalıqlar tapılıb. Tapıntının tərkibi dəqiq sənədləşdirilsə də, onun mənası hələ də tam izah olunmayıb. Ehtimal edilir ki, bu keramika kürələri dəfn məqsədi daşıyıb, lakin içərisindəki qeyri-adi qarışıq ölüm və qida ilə bağlı ritualların birləşməsinə işarə edir. Bu isə Amazon arxeologiyasında nadir hallarda rast gəlinən haldır.

Urnaların ilkin laborator analizləri onların nadir sayılan yaşılımtıl gildən hazırlandığını göstərir. Bəzi fraqmentlərdə qırmızı şirə və xüsusi örtük izləri aşkarlanıb, lakin bu üslub Aşağı Amazon bölgəsində məlum olan ənənələrə uyğun gəlmir.

Aparıcı arxeoloqlardan biri, doktor Corciya Leyla Holland bildirib ki, bu fakt indiyədək tam öyrənilməmiş ayrı bir mədəni qrupun mövcudluğuna işarə edə bilər. Onun sözlərinə görə, keramika üslubunun Amazon hövzəsində analoqu yoxdur.

O əlavə edib ki, urnalar ehtimal ki, üzvi materialla möhürlənib və zamanla çürüyüb. Onlar cəmi 40 santimetr dərinlikdə, bəlkə də qədim yaşayış yerlərinin altında basdırılıb.

Tapıntılar Koçila gölü ərazisində yerləşir. Bu ərazi mövsümi daşqınlara məruz qalan zonalarda yerli icmalar tərəfindən yaradılmış süni adalar şəbəkəsinin bir hissəsidir. Bu yüksəkliklər torpaq və keramika qalıqları ilə formalaşdırılaraq yüksək su səviyyəsi zamanı yaşayış üçün uyğun şərait yaradırdı.

Qazıntı işləri yerli icma ilə sıx əməkdaşlıq tələb edib. Urnalar yer səthindən təxminən 3,20 metr hündürlükdə, ağac kökləri arasında yerləşdiyi üçün onlara çıxış çətin olub. Yerli sakinlər arxeoloqların təhlükəsiz işləməsi üçün ağac və lianalardan xüsusi qurğu hazırlayıblar.

Aydın

--> -->