Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Liviyadan olan heyəti daşıyan və qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama verib. Nazir bildirib ki, saat 02:45-də təyyarəyə məxsus səs qeyd cihazı, saat 03:20-də isə qara qutu tapılıb. Onların araşdırma və qiymətləndirmə proseslərinə aidiyyəti qurumlar tərəfindən başlanılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankaranın Haymana rayonunda, Liviya hərbi heyətini daşıdığı vaxt qəzaya uğrayan xüsusi təyyarənin qalıqlarının tapıldığı ərazidə aparılan axtarış-tarama işləri ilə bağlı yaradılmış "AFAD” mobil koordinasiya mərkəzinə gələrək səlahiyyətli şəxslərdən məlumat alıb.
Bu Barədə Qaynarinfo TRY Haber-ə istinadla xəbər verir.
Daha sonra mətbuat nümayəndələrinə açıqlama verən Yerlikaya bildirib ki, dünən axşam saat 20:10-da Ankara Esenboğa hava limanından Tripoliyə uçmaq üçün havaya qalxan, içərisində Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli əl-Həddadın da olduğu, 5-i Liviya heyətinin üzvü, 3-ü isə ekipaj olmaqla ümumilikdə 8 nəfəri daşıyan "Falcon 50” tipli xüsusi təyyarə saat 20:32-də texniki nasazlıq səbəbindən geri dönəcəyini bildirib.
Nazir qeyd edib ki, saat 20:52-dən etibarən Haymana rayonu yaxınlığında təyyarə ilə əlaqə kəsilib. "112” Təcili Zəng Mərkəzinə daxil olan məlumatdan sonra jandarma, "AFAD”, polis, səhiyyə və "UMKE” qrupları dərhal bölgəyə cəlb olunub, axtarış-xilasetmə işlərinə Nəqliyyat və İnfrastruktur Nazirliyi və Hərbi Hava Qüvvələri Komandanlığının koordinasiyası ilə başlanılıb.
Axtarış-arama işlərində 408 nəfər iştirak edir
Yerlikaya bildirib ki, hadisə yerinə saat 22:00 radələrində çatan jandarma qruplarının ilkin baxışı zamanı təyyarənin hissələrinə rast gəlinib.
Nazirin sözlərinə görə, aparılan axtarış işləri nəticəsində hava gəmisinin qalıqları Haymana rayonunun Kesikkavak məhəlləsindən təxminən 2 kilometr cənubda aşkarlanıb. Qalıqlar tapıldıqdan sonra hadisə yerinin idarə olunması və qurumlararası koordinasiyanın effektiv şəkildə təmin edilməsi məqsədilə "AFAD” tərəfindən mobil koordinasiya mərkəzi bölgədə yerləşdirilib və sahənin idarə edilməsi bu mərkəz üzərindən həyata keçirilməyə başlanıb. Bu mərhələdən sonra işlər məhkəmə-tibbi və kriminal proseslər çərçivəsində Jandarma Baş Komandanlığının koordinasiyası ilə davam etdirilir.
Sahədə "AFAD”, jandarma, polis, səhiyyə, "UMKE”, Quru Qoşunları Komandanlığı, Hərbi Hava Qüvvələri Komandanlığı, Nəqliyyat və İnfrastruktur Nazirliyinin Nəqliyyat Təhlükəsizliyinin Araşdırılması Mərkəzi, yanğınsöndürmə xidməti və Dövlət Hava Meydanları İdarəsinin bölmələrindən ibarət ümumilikdə 408 nəfər, 103 yerüstü nəqliyyat vasitəsi və 7 hava vasitəsi fəaliyyət göstərir. PUA-lar vasitəsilə bölgədən anlıq görüntülər ötürülür. "AFAD” tərəfindən yerləşdirilən termal və işıqlandırma dronları, 8×8 və 4×4 axtarış-xilasetmə maşınları, eləcə də K9 qrupları daxil olmaqla bütün hava və quru vasitələri mobil koordinasiya mərkəzi üzərindən əlaqəli şəkildə fəaliyyətini davam etdirir.
"Saat 03:20-də qara qutu tapılıb”
Nazir Yerlikaya qalıq sahəsinin təxminən 3 kvadratkilometr ərazini əhatə etdiyini bildirərək deyib ki, hadisə yerində Nəqliyyat və İnfrastruktur Nazirliyinin Nəqliyyat Təhlükəsizliyinin Araşdırılması Mərkəzinin əməkdaşları tərəfindən aparılan işlər nəticəsində saat 02:45-də səs qeyd cihazı, saat 03:20-də isə qara qutu tapılıb və onların araşdırma prosesinə başlanılıb.
Yerlikaya əlavə edib ki, Liviya Müdafiə Nazirliyi tərəfindən təyin edilən, 5-i həlak olanların yaxınları olmaqla 14 nəfərlik heyət, eləcə də Liviya Daxili İşlər Nazirliyindən 8 nəfərlik qrup daxil olmaqla ümumilikdə 22 nəfərlik Liviya heyəti Ankaraya gəlib.
Nazir çıxışında qəzada həlak olanlara Allahdan rəhmət, ailələrinə, Liviya xalqına və hökumətinə, Liviya Baş Qərargahına, dost və qardaş ölkə Liviyaya, eləcə də ekipaj üzvlərinin ailələrinə başsağlığı verib.
Ali Yerlikaya xatırladıb ki, hadisədən sonra Ankara Respublika Baş Prokurorluğu tərəfindən istintaq başlanılıb və istintaq çərçivəsində bir baş prokuror müavini koordinasiyasında 4 prokuror təyin edilib. O vurğulayıb ki, hadisənin səbəblərinin aydınlaşdırılması dövlətin əsas vəzifəsidir və nəticələr ən qısa zamanda ictimaiyyətə açıqlanacaq.
Nazir bildirib ki, yeni məlumatlar daxil olduqca ictimaiyyət məlumatlandırılacaq və Ankaraya gələn Liviya heyəti də araşdırma proseslərində iştirak edəcək.
Şərhlər