Ötən gecə Ankaradan Tripoli istiqamətinə uçan və göyərtəsində Liviyanın Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əli əl-Həddadın da olduğu təyyarənin qəzaya uğraması ətrafında müzakirə olunan əsas sual budur: Görəsən baş verən hadisə qəzadır, yoxsa təxribat? Təxribatdırsa, hansı qüvvələrin içidir?
Hadisəni Qaynarinfo-ya şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, hadisədə Qərb amilinin olması real görünmür:
"Çünki Türkiyə Liviyada Avropa ölkələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərib. Bu kontekstdə yalnız Rusiya xətti ön plana çıxır. Rusiya vaxtilə Qəddafini açıq şəkildə müdafiə edib, bu gün də Qəddafi tərəfdarlarına dəstək verir. Moskvanın diqqəti Ukraynaya yönəlsə də, paralel olaraq Qara dənizdə Türkiyəyə məxsus gəmilərə qarşı təxribatlar həyata keçirilir. Liviya təyyarəsinin qəzaya uğraması da həmin təxribatların bir hissəsi ola bilər. Ümumilikdə, hadisədə maraqlı olan xarici qüvvə deyildikdə ilk ağıla gələn məhz Rusiyadır".
İlham İsmayıl daxili və radikal dini amillərin də istisna edilmədiyini bildirib:
"Qəddafinin devrilməsindən sonra müxtəlif kənar qüvvələr Liviyada hakimiyyət çevrilişlərinə cəhd göstəriblər. Türkiyə isə öz mütəxəssisləri və hərbi potensialı ilə bu cəhdlərin qarşısını alıb. Hazırda Liviya hərbçiləri faktiki olaraq Türkiyə hərbçiləri ilə birgə fəaliyyət göstərir. Bu baxımdan, baş verən qəzada təxribat ehtimalı müəyyən şübhələr yaradır. Marşal Həftar faktorunu da unutmaq olmaz. Eyni zamanda, radikal dini qrupların da hadisədə əli ola biləcəyi ehtimalı da mövcuddur. Hər halda prosesin bu cür inkişafında maraqlı olan qüvvələr mövcuddur. Qara qutunun açılmasından sonra hadisənin detalları tam aydınlaşacaq".
Qeyd edək ki, dünən Ankaranın Esenboğa Hava Limanından Tripoli istiqamətində havaya qalxan Liviya təyyarəsi qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə olan Liviyanın Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əli əl-Həddad və onun rəhbərlik etdiyi heyətin bütün üzvləri həlak olub. Bildirilir ki, Məhəmməd Əli əl-Həddad Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktarın dəvəti ilə Ankaraya səfər etmişdi.
Xatırladaq ki, əl-Həddad Türkiyə Silahlı Qüvvələrinin Liviyada təlim, məsləhət və institusional dəstək fəaliyyətində əsas fiqurlardan biri hesab olunurdu və Ankaraya yaxınlığı ilə seçilən əsas şəxslərdən idi.
Rüfət Sultan
Şərhlər