Dünya 14:06 02.05.2022

Ankara Rusiyaya son şansdan istifadə etmək mesajını verir ki, əks halda Türkiyə... (ŞƏRH)

"Ərdoğan bu səfərlə təhlükəli riskin artdığı, amma indiki mərhələdə sülh sazişinə getməyin mümkün olduğuna Moskvanı inandırmaq istəyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Türkiyənin Ərdoğan başda olmaqla digər bir neçə ölkə liderinin Putinlə görüş üçün Moskvaya birgə səfərini təşkil etmək cəhdinə münasibət bildirərkən deyib:

"Yaxın iki həftə, bir ay ərzində Ukrayna cəbhəsində ciddi dəyişikliklər baş verə bilər. Qərbin Ukraynaya dəstəyi artıq müdafiə xarakteri daşımır. Bu dəstəkdə Ukraynanın qalib gəlməsi bir məqsəd kimi ortaya qoyulub. Türkiyə də NATO üzvü olaraq bütün bunlardan xəbərdardır. Rusiya ordusu irəliləsə də, bu proses çox ləng gedir və dəhşətli dərəcədə böyük itkilərə başa gəlir. Qərbin Ukraynaya verəcəyi növbəti silahlar fonunda isə Rusiyanın itkiləri daha çox olacaq. Eyni zamanda, yaxın bir ay ərzində Rusiya nüvə silahından istifadə edə bilər”.

Yəni F. Məmmədov düşünür ki, risk ən yüksək səviyyəyə çatıb. Amma bununla belə, indiki halda sülh sazişinə getmək imkanı hələ də tükənməyib:

"Yuxarıda qeyd etdiklərim baş verəndən sonra isə nəyisə dayandırmaq mümkün olmayacaq. Ona görə də Türkiyənin səyləri maksimal dərəcəyə çatıb. Çavuşoğlu onu da bildirib ki, Rusiya NATO ölkəsinə hücum etsə, qurum tam heyətdə Moskvaya qarşı savaşacaq. Bununla da Ankara Rusiyaya son şansı istifadə etmək mesajını verir ki, əks halda Türkiyə Moskvanın yanında deyil, ona qarşı olacaq”.
 


Ərdoğan və digər ölkə liderlərinin Moskva birgə səfərinin Putinə edə biləcəyi təsirə gəldikdə, həmsöhbətimizin fikrincə, burada Rusiyanın daxili vəziyyəti böyük rol oynayacaq:

"Hələlik daxili vəziyyətlə bağlı Putin duruş gətirir. Gözlər indi hərbçilərə yönəlib. Daha böyük faciənin qarşısını almaq üçün onlardan Putinə qarşı istifadə oluna bilər. Putin də onları konsolidasiya etmək üçün ya daha irəli getməli, ya da indiki şəraitdə sülh bağlayaraq Ukrayna ətrafında yaranan mövcud vəziyyəti qoruyub saxlamaq fikrində ola bilər”.

Rüfət Sultan