XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı
Dünya17:59 28.09.2026

Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı

Avropa ölkələrində mövsümün əvvəlindən Qərbi Nil virusuna təxminən 1600 yoluxma halı qeydə alınıb. Yoluxanların əksəriyyəti virusu xarici səfərlər zamanı deyil, birbaşa Avropada əldə edib. Ən çox yoluxma halı İtaliya, Yunanıstan və İspaniyanın payına düşür. Almaniyada isə dörd yoluxma halı aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Avropa səhiyyə xidmətlərinin məlumatına görə, Yunanıstanda 355, İspaniyada 125, Fransada 102, Rumıniyada 91, Şimali Makedoniyada 69, Serbiyada 46, Niderlandda isə 28 yoluxma halı qeydə alınıb. Almaniyada infeksiyaya Reynland-Pfalts, Leypsiq və Berlində rast gəlinib.

Qərbi Nil virusu əsasən ağcaqanadlar və vəhşi quşlar arasında dövr edir. Lakin yoluxmuş ağcaqanadlar infeksiyanı insanlara və digər məməlilərə ötürə bilər. Avropada virusun yayılmasına, xüsusilə, ətraf mühit şəraitinin dəyişməsi və yeni ağcaqanad növlərinin meydana çıxması təsir göstərir.

“Robert Kox İnstitutu”nun məlumatına görə, yoluxmuş insanların təxminən 20 faizində Qərbi Nil qızdırması inkişaf edir. Xəstəlik adətən yüksək hərarət və qripə bənzər simptomlarla müşayiət olunur və əksər hallarda ciddi fəsadlar olmadan keçir. Ağır xəstəlik təxminən hər 100 yoluxandan birində inkişaf edir.

Bununla yanaşı, infeksiya sinir sisteminə təsir göstərə və ciddi fəsadlara səbəb ola bilər. Sentyabrın 3-nə olan məlumata görə, Avropada 61 ölüm halı qeydə alınıb. Onlardan 49-u İtaliya və Yunanıstanın payına düşüb.

Hazırkı yoluxma sayı əvvəlki bəzi illərin göstəricilərini artıq əhəmiyyətli dərəcədə üstələyir. 2025-ci ildə Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) 1112, 2024-cü ildə isə 1436 yoluxma halı qeydə alıb. Rekord göstərici isə 2018-ci ildə qeydə alınıb. Həmin il Avropada 2083 yoluxma halı aşkarlanıb.

Yerli yoluxma hallarının artması Qərbi Nil virusunun Avropanın müxtəlif bölgələrində yayılmaqda davam etdiyini göstərir. İnsanlar üçün əsas risk yoluxmuş ağcaqanadların dişləməsi ilə bağlıdır. Çünki virus adi təmaslar zamanı insandan insana ötürülmür.

Aydın