Xəbər lenti

Avropa İttifaqından Taliban heyətinə birgünlük viza
Dünya 13:56 23.06.2026

Avropa İttifaqından Taliban heyətinə birgünlük viza

Avropa İttifaqı (Aİ) miqrasiya mövzusu ilə bağlı keçiriləcək toplantı üçün Taliban hökumətinin nümayəndə heyətini Brüsselə dəvət edib. 

Qaynarinfo xəbər verir ki, rəsmi tanınma münasibətləri olmadığı halda atılan bu addım insan haqları təşkilatlarının sərt reaksiyasına səbəb olub. Nümayəndə heyətinə verilən vizanın yalnız Belçika üçün keçərli olduğu, Şengen bölgəsini əhatə etmədiyi və yalnız bir gün müddətində istifadə edilə biləcəyi bildirilib. Görüşün bu gün baş tutacağı iddia olunur.

Aİ sığınacaq müraciəti rədd edilən əfqanların ölkələrinə geri göndərilməsi prosesini müzakirə etmək üçün Taliban administrasiyasından olan bir heyəti qəbul etməyə hazırlaşır.

Belçika Xarici İşlər Nazirliyinin sözçüsü AFP-yə açıqlamasında tələb olunan beş vizanın təhlükəsizlik yoxlamasından sonra bazar ertəsi günortadan sonra təsdiqləndiyini bildirib. Sözçü qeyd edib ki, vizalar yalnız bir gün etibarlıdır və Şengen zonasını əhatə etmədən yalnız Belçika ərazisi üçün keçərlidir.

Belçika rəsmiləri təhlükəsizlik səbəbilə heyətin gəliş tarixini gizli saxlasalar da, Əfqanıstan mediası və müxtəlif mənbələr görüşün bu gün keçiriləcəyini göstərir.

Brüssel və Aİ üzv dövlətləri Taliban rəsmilərinin qəbul edilməsinin tanınma addımı olmadığını bildirirlər. Lakin insan haqları təşkilatları bu addımın Aİ-nin əsas dəyərlərindən geri çəkilmək anlamına gəldiyini iddia edir.

"Human Rights Watch"dan (HRW) Fereşta Abbasi mövzu ilə bağlı bildirib ki, Aİ ölkələri bir tərəfdən Talibanın insan haqları pozuntularını tənqid edib hesabat tələb edərkən, digər tərəfdən əfqanları geri göndərmək üçün Talibanla əməkdaşlıq edir və bu, onların etibarlılığını zədələyir.

Avropa ölkələri Talibanın 2021-ci ildə yenidən hakimiyyətə gəlməsindən sonra Kabildəki səfirliklərini bağlamışdı. Əfqanıstanda qadınların park və idman zalları kimi ictimai yerlərə girişinə qadağa qoyulub, qızların təhsili isə 12 yaşdan sonra dayandırılıb.

Aİ-nin Miqrasiyadan məsul nümayəndəsi Maqnus Brunner bu ayın əvvəlində bildirib ki, qeyri-qanuni miqrantların geri qaytarılması məsələsində Brüsselin Talibanla danışıqlardan başqa seçimi yoxdur.

Aİ məlumatlarına görə, 2013–2024-cü illər arasında Aİ ölkələrinə Əfqanıstan vətəndaşları tərəfindən təxminən 1 milyon sığınacaq müraciəti edilib. Bu müraciətlərin təxminən yarısı qəbul olunub.

Ötən il Aİ-nin 27 üzv ölkəsindən təxminən 20-si ortaq məktubla, qalma hüququ olmayan və xüsusilə cinayət qeydi olan əfqanların ölkələrinə geri göndərilməsini tələb edib.

Aydın
--> -->