Sentyabrın 4-də, cümə axşamı günü Parisdə ABŞ prezidenti Donald Tramp ilə avqustun 18-də keçirilən görüşdə iştirak etmiş avropalı liderlər bir araya gələcəklər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” planlarla tanış olan üç diplomata
istinadən yazır.
Nəşrin məlumatına görə, Fransa paytaxtına Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri ser Kir Starmer, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen gəlməlidir.
Məlumatda qeyd edilir ki, Yelisey sarayı şərh verməkdən imtina edib. Avropa Komissiyasının prezidenti bildirib ki, ötən həftə "İstəkli Koalisiya” adlanan qrupun müdafiə nazirliklərinin rəhbərləri toplaşıb və "yetərincə dəqiq planlar” hazırlayıblar, o cümlədən "qoşunların effektiv artırılması üçün zəruri elementlər” müzakirə olunub.
Nəşr yazır ki, Ukrayna Qərb müttəfiqlərindən konkret təhlükəsizlik zəmanətləri tələb edir, buna yerüstü qoşunların iştirakı da daxildir və bu, hər hansı sülh sazişinin tərkib hissəsi kimi nəzərdən keçirilir.
Qoşunların tərkibinə Avropa rəhbərliyi altında on minlərlə hərbçinin daxil ola biləcəyi, onların isə ABŞ tərəfindən komanda-idarəetmə sistemləri, eləcə də kəşfiyyat və müşahidə vasitələri ilə dəstəklənəcəyi bildirilir.
"Financial Times” yazır ki, bu razılaşma ötən ay ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və yüksək səviyyəli avropalı liderlər arasında keçirilən görüşdə əldə olunub.
Daha əvvəl UNIAN xəbər vermişdi ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfinin hələ də müharibəni dayandırmağa hazır olmadığını göstərən siqnallar verdiyini bildirib. Zelenskinin sözlərinə görə, təxminən iki həftə əvvəl Vaşinqtonda keçirilən danışıqlarda gözlənilirdi ki, təcavüzkar ölkə hazırda liderlər səviyyəsində danışıqlara hazır olmalıdır. Ukrayna prezidenti əlavə edib ki, bizim ölkə belə bir görüşə hazırdır, amma Putin yenidən bəhanələr gətirəcək – bu, onun "idman nömrəsi 1”-dir.
Həmçinin qeyd olunub ki, Almaniya kansleri Fridrix Merz Rusiyanın Ukraynaya qarşı müharibəsinin uzun müddət davam edəcəyini düşündüyünü bildirib. Bununla belə, Merz gələn il atəşkəs razılaşmasına nail olunacağına ümidini itirmədiyini vurğulayıb. O əlavə edib ki, heç bir illüziya bəsləmir. Almaniya kansleri həmçinin bildirib ki, Ukraynada müharibəni mümkün qədər tez başa çatdırmaq istəyirlər, lakin bunun ölkənin kapitulyasiyası hesabına baş verməsinə yol vermək olmaz.
Alpər
Şərhlər