Xəbər lenti

Avropa və Afrikanı sualtı meqatunellə birləşdirmək istəyirlər: Harada çəkiləcək?
Dünya 23:10 18.12.2025

Avropa və Afrikanı sualtı meqatunellə birləşdirmək istəyirlər: Harada çəkiləcək?

Avropadan Afrikaya birbaşa quru yolu ilə keçid ideyası uzun illərdir müzakirə olunur. Lakin indiyədək bu plan mühəndislik baxımından keçilməz sayılan çətinliklərə görə reallaşmayıb. İndi isə alimlər bildirirlər ki, müasir texnologiyalar sayəsində Cəbəllütariq boğazının altından tunel çəkərək Mərakeşi İspaniya ilə birləşdirmək artıq mümkündür.

Qaynarinfo xəbər verir ki, "The Olive Press" nəşrinin yazdığına görə, Almaniyalı mütəxəssislərin İspaniya hökumətinin sifarişi ilə apardığı tədqiqat hazırkı texnoloji səviyyədə boğazın altından dəmir yolu tunelinin inşa edilə biləcəyini təsdiqləyib. Bunun ardınca İspaniya hakimiyyəti mütəxəssislərə gələn ilin sonunadək layihə planının hazırlanması tapşırığını verib ki, 2027-ci ildə hökumət bu təşəbbüsü təsdiqləyə bilsin.

Qeyd olunur ki, Afrikaya tunel çəkilməsi ideyası İspaniyada hələ 1970-ci illərdən müzakirə olunur. Müxtəlif dövrlərdə ispan siyasətçilər bu təşəbbüsü seçki kampaniyalarında gündəmə gətiriblər, hətta layihə hökumət proqramlarına da salınıb, lakin indiyədək konkret addımlar atılmayıb.

Cəbəllütariq boğazının 14 kilometrlik hissəsi altında tunelin çəkilişində Böyük Britaniya ilə Fransanı La-Manş boğazının altından birləşdirən "Avrotunel" modelinin tətbiqi nəzərdə tutulur. Layihəyə əsasən, hər biri yalnız bir istiqamətdə fəaliyyət göstərəcək iki paralel tunel inşa olunacaq.

Tunelin giriş və çıxış nöqtələri Kadis əyalətində yerləşən Punta-Paloma ərazisində və Tanjer yaxınlığındakı Malabata burnunda olacaq. Bu səbəbdən marşrut boğazın ən dar yerindən deyil, ondan bir qədər qərbdən keçəcək. Tunelin ümumi uzunluğu təxminən 42 kilometr olacaq. Bunun təqribən 28 kilometri suyun altında yerləşəcək, maksimal dərinlik isə 470 metri keçəcək ki, bu da "Avrotunel"dən daha dərindir.

Hesablamalara görə, bu tunel vasitəsilə sərnişin və yük daşımaları cəmi 30 dəqiqə çəkəcək.

Layihə təsdiqlənərsə, yerüstü hazırlıq işlərinə 2030-cu ildə başlamaq mümkün olacaq. Əsas tikinti mərhələsinin isə 2035–2040-cı illəri əhatə edəcəyi gözlənilir, baxmayaraq ki, bu tarixlər hələlik ilkin hesab olunur.

Layihənin təxmini dəyəri azı 15 milyard avro təşkil edir. Bunun 8,5–9 milyard avrosunun İspaniya, qalan hissəsinin isə Mərakeş tərəfindən maliyyələşdirilməsi planlaşdırılır.

Xatırladaq ki, daha əvvəl İtaliya hökuməti Siciliya adası ilə ölkənin materik hissəsini Messina boğazı üzərindən birləşdirəcək körpünün inşası imkanlarını araşdırmağa başlayıb. Bu körpü ideyası hələ antik dövrlərdən müzakirə edilsə də, heç vaxt reallaşdırılmayıb və sonuncu dəfə 2013-cü ildə sərt qənaət siyasəti səbəbindən dayandırılıb.

2023-cü ildə Corciya Meloninin rəhbərlik etdiyi hökumətin hakimiyyətə gəlişindən sonra layihə yenidən gündəmə gətirilib. Söhbət Messina ilə Kalabriya regionu arasında 3,6 kilometr uzunluğunda asma körpünün tikintisindən gedir. Layihənin dəyəri 13,5 milyard avro olaraq qiymətləndirilir və optimist ssenariyə görə, tikintinin 2032-ci ildə başa çatdırılması mümkündür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->