Avropanın böyük hissəsində 2026-cı ilin payızının normadan daha isti keçəcəyi gözlənilir. Bununla yanaşı, bəzi bölgələrdə yağıntıların da normadan çox olacağı ehtimal edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa İttifaqının “Copernicus” İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.
İqlim modellərinin son proqnozuna əsasən, yüksək temperaturun demək olar ki, bütün qitədə müşahidə olunacağı gözlənilir. Xüsusilə Mərkəzi, Qərbi və Cənubi Avropada havanın normadan daha isti olacağı ehtimalı yüksəkdir.
Şərqi və Şimali Avropada isə temperaturun əhəmiyyətli dərəcədə yüksələcəyi ilə bağlı proqnozlar daha zəifdir.
Avropanın bəzi bölgələrində yağışlar da çox olacaq
“Copernicus”un məlumatına görə, ümumi isti hava fonunda Cənubi və Qərbi Avropanın bəzi ərazilərində daha çox yağıntı düşə bilər.
Alimlər bildirirlər ki, Sakit okeanda baş verən El-Ninyo atmosfer dövranına okeandan uzaq bölgələrdə də təsir göstərə bilər. Bu iqlim hadisəsi dünyanın müxtəlif yerlərində temperatur və yağıntı rejiminin dəyişməsinə səbəb ola bilər.
Lakin El-Ninonun Avropaya təsiri birbaşa olmadığı üçün bir neçə ay əvvəldən verilən hava proqnozlarının dəqiqliyi nisbətən aşağıdır.
Buna baxmayaraq, hazırkı əsas göstərici Avropada qarşıdakı payızın normadan daha isti keçəcəyinə işarə edir. Xüsusilə qitənin cənub və qərb hissələrində yüksək temperaturla yanaşı, yağıntıların da daha çox olması mümkündür.
El-Nino qışda hava şəraitini dəyişə bilər
Sakit okeanın ekvatorial hissəsində formalaşan El-Nino son illərin ən güclü analoqlarından birinə çevrilə bilər. Bu hadisənin qış aylarında atmosferin digər mühüm sistemi olan qütb burulğanı ilə qarşılıqlı təsir göstərə biləcəyi bildirilir.
Qütb burulğanı qış aylarında Avropa və Şimali Amerikanın hava şəraitinə ciddi təsir göstərə bilən atmosfer sistemidir.
Alimlərin fikrincə, El-Nino ilə qütb burulğanının qarşılıqlı təsiri qarşıdakı qışda Avropa və Şimali Amerikada gözlənilməz hava dəyişikliklərinə səbəb ola bilər.
Günay
Şərhlər