İspaniyanın Şimali Afrikadakı anklavı Seutaya 60 mindən çox Mərakeş vətəndaşının qanunsuz şəkildə keçməsi Avropada ciddi siyasi müzakirələrə səbəb olub. Hadisə nəticəsində azı 57 nəfərin həyatını itirdiyi bildirilir. Böhrandan sonra İtaliya və Finlandiya da daxil olmaqla bir sıra ölkələr İspaniyanın Şengen zonasından çıxarılmasını təklif edib.
Qaynarinfo xəbər verir ki. İspaniya hökuməti isə bölgəyə əlavə hərbi qüvvələrin göndəriləcəyini açıqlayıb.
Baş nazir Pedro Sançes baş verənləri "İspaniyanın ərazi suverenliyinin pozulması" adlandıraraq insan alveri ilə mübarizənin davam etdiriləcəyini və Seutanın təhlükəsizliyinin təmin olunacağını bildirib.
EFE agentliyinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, Seutaya keçən qanunsuz miqrantların Mərakeşə könüllü qayıdışı davam edir. İndiyədək 53 mindən çox şəxsin geri döndüyü ehtimal olunur.
İspaniya hökuməti əvvəlcə şəhərə gələn qanunsuz miqrantların sayını 50 min nəfər qiymətləndirsə də, Seutanın yerli hakimiyyəti bu rəqəmin 60 minə çatdığını bildirmişdi.
Milli polis, yerli təhlükəsizlik qüvvələri və hərbçilər şəhərin müxtəlif hissələrində qalan miqrantlara Mərakeşə qayıtmaları barədə məlumat verir.
Könüllü qayıtmaq istəməyən şəxslərin müəyyənləşdirilməsi məqsədilə təhlükəsizlik tədbirləri gücləndirilib və onlar Taraxal sərhəd-keçid məntəqəsinə yönləndirilirlər.
ABŞ-Mərakeş-İsrail xətti ilə bağlı iddialar
Məqalədə qeyd olunur ki, dünya ictimaiyyətinin bir hissəsi miqrant axınının Mərakeş, ABŞ və İsrail arasındakı yaxın münasibətlərlə, həmçinin Pedro Sançes hökumətinə təzyiq göstərilməsi ilə əlaqəli ola biləcəyini iddia edir.
Xatırladılır ki, Qəzzada baş verən hadisələrdən sonra İspaniya İsrailə qarşı diplomatik və hüquqi addımları ilə Avropada ən sərt mövqe nümayiş etdirən ölkələrdən biri olub.
Bundan əlavə, Madrid ABŞ-ın İspaniyadakı hərbi bazalarından İrana qarşı mümkün əməliyyatlar üçün istifadə edilməsinə icazə verməyib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl İspaniya barədə "İspaniya ümidsiz bir haldır, onlarla heç nə etmək istəmirəm" ifadəsini işlətmişdi.
Məqalədə həmçinin Pedro Sançesin iyulun 20-də Mərakeşin əsas regional rəqibi olan Əlcəzairə səfəri və qaz təchizatı ilə bağlı verdiyi müsbət bəyanatların Rabatı narahat etmiş ola biləcəyi ehtimal edilir.
Qeyd olunur ki, Mərakeş 2020-ci ildə "İbrahim sazişləri"nə qoşulan ilk ərəb ölkələrindən biri olub. Bunun müqabilində ABŞ Mərakeşin mübahisəli Qərbi Səhraya suverenlik iddiasını tanıyıb.
Bu, ilk belə hadisə deyil
Seutaya kütləvi miqrant axını ilk dəfə baş vermir.
2021-ci ilin mayında Mərakeş sərhəd nəzarətini zəiflətmiş və təxminən 8 min nəfərin cəmi 48 saat ərzində Seutaya keçməsinə imkan vermişdi.
Həmin addım İspaniyanın Qərbi Səhranın müstəqilliyini müdafiə edən "Polisario" Cəbhəsinin lideri Brahim Qalini müalicə üçün ölkəyə qəbul etməsinə cavab kimi qiymətləndirilmişdi.
Sonradan Madrid Qərbi Səhra məsələsində siyasətini dəyişdikdən və Mərakeş kralı VI Məhəmmədlə razılığa gəldikdən sonra iki ölkə arasında münasibətlər normallaşmışdı.
Madrid özü prosesi sürətləndirib?
Məqalədə İspaniyanın daxili siyasəti də tənqid olunur.
İspaniya Ali Məhkəməsi bu ilin iyulunda qərara alıb ki, dənizdən üzərək ölkəyə daxil olan şəxslər fiziki maneəni aşmadıqları üçün dərhal geri qaytarıla bilməz və onların işi qanuni prosedurlar çərçivəsində araşdırılmalıdır.
Bundan başqa, Sançes hökuməti aprel ayında ölkədə sənədsiz yaşayan və cinayət törətməmiş 500–840 min qanunsuz miqranta hüquqi status verilməsini nəzərdə tutan qərarı qəbul edib.
"İspaniya Şengendən çıxarılsın" çağırışları
Avropada sağçı populist siyasi qüvvələr hadisədən sonra miqrasiya əleyhinə mövqelərini daha da gücləndiriblər.
İtaliyanın xarici işlər naziri Antonio Tayani Şengen zonasının İspaniya üçün bağlanmasına çağırıb.
Bunun ardınca İtaliya İspaniya ilə Şengen rejimini müvəqqəti dayandırdığını açıqlayıb. İki ölkə arasında quru sərhədi olmasa da, qərar hava və dəniz nəqliyyatı ilə səyahət edən şəxslərə təsir göstərəcək.
Danimarka, Finlandiya, Polşa, Slovakiya və Avstriya da bu təşəbbüsə dəstək veriblər.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə Seutadan yayılan görüntülərin qəbuledilməz olduğunu bildirərək İspaniyaya dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Pedro Sançes statistikaya istinad edib
İspaniyanın baş naziri Şengen zonasının ölkəsi üçün bağlanması çağırışlarına Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin ("Frontex") 2021–2026-cı illəri əhatə edən statistikası ilə cavab verib.
Bu məlumatlara görə, Avropaya qanunsuz miqrasiyanın ən intensiv marşrutu 478 min nəfərlə İtaliya istiqaməti olub.
Pedro Sançes miqrasiya probleminin yalnız bir ölkənin deyil, bütün Avropa İttifaqının ortaq məsuliyyəti olduğunu vurğulayıb.
Qeyd edək ki, Şengen qaydaları Seuta və Melilyada tətbiq olunsa da, İspaniya bu iki anklav üçün xüsusi istisna rejimindən istifadə edir. Seutadan İspaniyanın materik hissəsinə və ya digər Şengen ölkələrinə keçid zamanı sərhəd nəzarəti həyata keçirilir.
Aydın
Şərhlər