Xəbər lenti

Dünya 11:14 12.06.2026

"Axios": ABŞ və İran memorandumun mətnini razılaşdırıb

ABŞ və İran arasında yaxın günlərdə imzalanacağı gözlənilən qarşılıqlı anlaşma memorandumu üzrə mətn razılaşdırılıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios" nəşrinə danışan vasitəçi ölkələrdən birinin diplomatı və ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.

Məlumata görə, memorandumun əsas müddəaları arasında Hörmüz boğazının dərhal və rüsum tutulmadan açılması, eləcə də İranın öhdəliklərə əməl etməsi şərti ilə Tehrana qarşı sanksiyaların ləğvi yer alır.

Nəşr yazır ki, sənəd həmçinin Livanı da əhatə edən atəşkəs rejiminin daha 60 gün uzadılmasını nəzərdə tutur. Bu müddət ərzində tərəflər İranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirəcəklər. Memorandumda İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı problemin həlli üçün ümumi çərçivə müəyyənləşdirilsə də, nüvə proqramına dair konkret addımlar daha ətraflı ikinci sazişdən asılı olacaq.

Sənədin son variantı ilə tanış olan vasitəçi ölkə diplomatı bildirib ki, "ABŞ və İran sazişin mətnini razılaşdırıblar”, lakin yekun təsdiqin hələ verilmədiyini vurğulayıb.

Məlumata görə, iyunun 11-i axşamına olan vəziyyətə əsasən, saziş İran tərəfdə yüksək səviyyədə təsdiqlənib. Bununla belə, sənədin ali dini lider tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi dəqiq bilinmir.

ABŞ prezidenti Donald Tramp memorandumun imzalanma mərasiminin həftəsonu keçiriləcəyini gözlədiyini bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü isə Tehranın hələ yekun qərar vermədiyini açıqlayıb.

Qeyd olunur ki, son iki ay ərzində Ağ Ev bir neçə dəfə razılaşmanın əldə olunmasına yaxın olduğunu hesab etsə də, danışıqlar hər dəfə nəticəsiz qalıb. Buna baxmayaraq, vasitəçi diplomat bu dəfə mətnin dəyişmədən qalacağına nikbin yanaşdığını deyib.

İki vasitəçi ölkənin diplomatları və ABŞ rəsmilərinin sözlərinə görə, ilkin razılıq çərşənbə günü axşam saatlarında Qətər vasitəçisi Əli Əl-Təvadi ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında keçirilən uzunmüddətli danışıqlardan sonra əldə olunub.

Mənbələrin bildirdiyinə görə, danışıqlar zamanı Əli Əl-Təvadi ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uiitkoff və Cared Kuşner ilə dəfələrlə telefon əlaqəsi saxlayıb.

Nəşrin yazdığına görə, Trampın sazişin əldə olunduğunu açıqlaması İsrailin baş naziri Netanyahu üçün gözlənilməz olub. ABŞ-dakı mənbə bildirib ki, Netanyahu son günlər prosesdən xəbərsiz olub və vəziyyətlə bağlı məlumat toplamaq üçün Tramp administrasiyasına yaxın şəxslərlə əlaqə saxlayıb.

ABŞ rəsmilərindən biri qeyd edib ki, Tramp İranın yüksək səviyyədə zənginləşdirilmiş uranının BMT müfəttişlərinin nəzarəti altında ölkə daxilində seyrəldilməsi variantını mümkün həll yollarından biri kimi qəbul edib.

Bununla yanaşı, İran ilkin saziş imzalanan kimi dondurulmuş vəsaitlərinin bir hissəsinin sərbəst buraxılmasını tələb edir. ABŞ tərəfi isə həmin vəsaitlərin öhdəliklərin yerinə yetirilməsindən asılı olaraq mərhələli şəkildə təqdim edilməsini istəyir.

ABŞ administrasiyasından kənar bir mənbə isə dondurulmuş aktivlərlə bağlı məsələnin gizli əlavə razılaşma çərçivəsində həll edilə biləcəyindən narahatlığını ifadə edib.

Bundan əvvəl CNN İranın Hörmüz boğazını tam bağladığını və regionu "cəhənnəmə çevirməklə” hədələdiyini xəbər vermişdi. Məlumata əsasən, boğaz ticarət, neft və digər bütün növ gəmilər üçün bağlanıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, boğazdan keçməyə cəhd edən istənilən gəmi hədəfə çevriləcək.

Eyni zamanda ABŞ-ın İrana qarşı hərbi zərbələri bərpa etdiyi də bildirilir. Vaşinqton bu əməliyyatları Tehranın "əsassız və davam edən təcavüzkar addımlarına” cavab kimi qiymətləndirir. Hədəflər arasında hava hücumundan müdafiə sistemləri, radiolokasiya stansiyaları və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinin olduğu qeyd edilir.
 
Günay
--> -->