Xəbər lenti

Azər Hüseynov:
Dünya 13:35 08.05.2026

Azər Hüseynov: "ABŞ Yaxın Şərqdən çəkilə bilər, Tramp isə zaman qazanmağa çalışır"

"Bu prosesin nəticəsində ABŞ ümumiyyətlə Yaxın Şərqdən çəkilə bilər. Zənn edirəm ki, Prezident Donald Tramp hazırda zaman qazanmağa çalışır və tərəflər arasında balans saxlayır".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İranın Birləşmiş Ərəb Əmirliklərinə PUA zərbələri endirməsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, ABŞ-ın İran siyasətində daxili idarəetmə böhranı hiss olunur. O bildirib ki, hazırkı Amerika rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyətinin diplomatik və dövlət idarəçiliyi təcrübəsi zəifdir:

"Onların bir çoxu biznes cameəsindən gəlib. Biznes yanaşması ilə dövlətin strateji idarəçilik yanaşması eyni deyil. Bunu verilən bəyanatlarla atılan addımlar arasındakı fərqlərdə görürük. Hiss olunur ki, Prezident Tramp əvvəlki kimi qətiyyətli şəkildə müharibə ritorikası sərgiləmir. Amma zaman-zaman İrana qarşı sərt mesajlar da verir. Sanki ABŞ rəhbərliyində müharibə tərəfdarları ilə əleyhdarları arasında ciddi fikir ayrılığı mövcuddur".

Azər Hüseynov qeyd edib ki, müharibə əleyhdarları ABŞ-ın yeni genişmiqyaslı savaşa daxil olmasının ciddi iqtisadi və siyasi nəticələr doğuracağını düşünür:

"Onlar hesab edir ki, müharibə böyük resurs tələb edir və ABŞ-ın bölgədəki müttəfiqləri də bunu istəmir. Çünki region ölkələri enerji ixracından gəlir əldə edir və daşınma təhlükəsizliyi onlar üçün həyati əhəmiyyət daşıyır. Müharibə isə logistika və enerji marşrutlarını risk altına salır".
 


Ekspert ABŞ-ın əvvəlki hərbi müdaxilələrinin nəticələrini də xatırladıb: 

"Amerika İraqda və Əfqanıstanda uzunmüddətli savaşlara girdi, amma yekunda istədiyi nəticəni əldə edə bilmədi. Əfqanıstanda Taliban yenidən hakimiyyətə gəldi, İraqda isə İrana yaxın siyasi qüvvələr gücləndi. Suriyada isə ABŞ təsir zonasını Türkiyə və qismən İsraillə bölüşmək məcburiyyətində qaldı. Müharibə əleyhdarlarının əsas arqumentləri bunlardır".

Konfliktoloqun fikrincə, regionda genişmiqyaslı qarşıdurma İsrail üçün də ciddi təhlükələr yarada bilər: 

"Bu proses İsrail üçün ağır nəticələr doğura, hətta onun dövlət olaraq təhlükəsizlik problemlərini dərinləşdirə bilər. Belə bir ssenari ABŞ-ın Yaxın Şərqdən mərhələli şəkildə çəkilməsinə gətirib çıxara bilər. Hazırda prosesin hansı istiqamətdə inkişaf edəcəyi Vaşinqton daxilində hansı xəttin üstünlük qazanacağından asılıdır".

Ekspert BƏƏ-nin hava hücumundan müdafiə sistemlərinin raket və dron hücumlarını dəf etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, hələlik İran tərəfindən genişmiqyaslı hücum müşahidə olunmur:

"Bu, daha çox tərəflərin danışıqlar öncəsi bir-birinə təzyiq göstərməsi təsiri bağışlayır. BƏƏ əsasən ticarət və iqtisadiyyat üzərində qurulan dövlətdir. Onun hərbi təhlükəsizlik sistemi böyük ölçüdə xarici dəstəkdən asılıdır. Buna görə də hansısa hücumun qarşısının alınması BƏƏ-nin böyükmiqyaslı raket zərbələrini tam dəf edə biləcəyi anlamına gəlmir".
 


Azər Hüseynov hesab edir ki, hazırda nə İran, nə ABŞ, nə də ərəb ölkələri böyük müharibədə maraqlıdır:

"Ərəb ölkələri mövcud iqtisadi sistemin pozulmasını istəmir. Müharibə enerji gəlirlərini və regiondakı rifahı təhlükə altına qoya bilər. Bu isə radikal və cihadçı qrupların yenidən fəallaşmasına səbəb ola bilər. İsrail İranın hərbi baxımdan zəifləməsində maraqlıdır. ABŞ-dakı bəzi yəhudi dairələri də bu istiqamətdə siyasi təsir göstərməyə çalışır. Amma dünya yəhudi iqtisadi elitasının da genişmiqyaslı müharibənin dərinləşməsində maraqlı olmadığını düşünürəm. Çünki bu, qlobal antisemitizm dalğasını gücləndirə bilər".

Ekspert bildirib ki, hazırkı vəziyyətdə bölgədə real hərbi potensiala malik əsas tərəflər ABŞ, İsrail, İran və Tehrana bağlı proksi qüvvələrdir. Digər ölkələrin hərbi hazırlığı isə nisbidir.
 


Azər Hüseynov əlavə edib ki, baş verən hadisələr Hörmüz boğazı ətrafında gərginliyi artırır:

"Bu isə enerji daşınmalarını risk altına salır. Daşınma xərcləri artdıqca məhsulların maya dəyəri yüksəlir və nəticədə qiymətlər də bahalaşır”. 
Konfliktoloq Donald Trampın atəşkəsin qüvvədə qalacağı ilə bağlı açıqlamasını da şərh edib:

"Prezident Trampın bu cür mesajları daha çox daxili siyasi balansı qorumaq və zaman qazanmaq məqsədi daşıyır. Sanki o, sətraltı şəkildə demək istəyir ki, müharibəyə tam meyilli deyil, amma proseslərin gedişi Vaşinqtonu daha sərt addımlara məcbur edə bilər".

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İrandan atılan raket və dronların ələ keçirilməsi barədə məlumat yayıb. "Hazırda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan raket və dronların hücumlarını dəf edir”, deyə müdafiə nazirliyi X-də dərc olunmuş açıqlamada bildirib.

Nazirlik həmçinin ölkənin müxtəlif yerlərində sakinlərin eşitdiyi partlayışların hava hücumundan müdafiə sistemlərinin nəticəsi olduğunu təsdiqləyib.

Cümə axşamı axşamı ABŞ və İran arasında zərbələr mübadiləsindən sonra Fars körfəzində yeni eskalasiya dalğası baş verib. İran dövlət radiosunun məlumatına görə, hücum ABŞ ordusunun İran tankerinə hücumu ilə baş verib. Tasnim xəbər agentliyinin məlumatına görə, buna cavab olaraq İran Hörmüz boğazı yaxınlığında üç ABŞ esminesi raket və kamikaze dronları ilə hücum edib. Öz növbəsində ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) idarə olunan raket esmineslərinə edilən hücumu təsdiqləyib və İrandakı hərbi obyektlərə qarşı cavab zərbələri endiriləcəyini elan edib. 

ABŞ prezidenti Donald Tramp tərəflər arasında atəşkəsin qüvvədə qalacağını deyib.

Siyasət Şöbəsi
--> -->