Cənubi Qafqazda son illərin siyasi tarixini bir cümlə ilə ifadə etmək lazım gəlsə, bunu belə demək olar: Azərbaycan əvvəlcə müharibənin nəticəsini dəyişdi, sonra isə həmin nəticəni sülh gündəliyinə çevirdi.
Bu gün Azərbaycan-Ermənistan münasibətlərində sülhdən danışılırsa, bunun başlanğıc nöqtəsini yalnız diplomatik masalarda axtarmaq yanlış olardı. Mövcud sülh gündəliyinin siyasi və geosiyasi əsası 2020-ci ildə Azərbaycan Ordusunun yaratdığı yeni reallıqla qoyuldu. Sonrakı proseslər isə həmin reallığın hüquqi və diplomatik müstəvidə möhkəmləndirilməsi istiqamətində inkişaf etdi. Azərbaycan sülh müqaviləsinin əsasını təşkil edən beş prinsipi irəli sürən tərəfdir. Bu prinsiplərin mahiyyəti sadə, lakin prinsipialdır - dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməsi, bir-birinə qarşı ərazi iddialarından imtina etməsi və münasibətlərin beynəlxalq hüququn fundamental prinsipləri əsasında qurulması. Bu, əslində, Azərbaycanın müharibədən sonra ortaya qoyduğu siyasi strategiyanın mahiyyətini açıq şəkildə göstərir. Bakı hərbi qələbədən sonra yeni ərazi iddiaları irəli sürmədi. Əksinə, Azərbaycan sülhün hüquqi əsaslarını müəyyən edən prinsipləri masaya gətirdi.
Ermənistanın bu gün özünü sülh tərəfdarı kimi təqdim etməsi siyasi baxımdan diqqətçəkən paradoksdur. Çünki cəmi bir neçə il əvvəl mənzərə tamamilə fərqli idi. 2020-ci ilə qədər Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mövcud status-kvonu qorumağa çalışırdı. Danışıqlar illərlə davam etsə də, işğal faktının aradan qaldırılması istiqamətində real irəliləyiş baş vermirdi. Əksinə, Ermənistan siyasi rəhbərliyinin bəzi açıqlamaları problemin həllindən daha çox yeni reallıqlar yaratmaq niyyətinin olduğunu göstərirdi. 44 günlük müharibə bu strategiyanı iflasa uğratdı. Müharibə zamanı Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması, dinc əhali arasında itkilərin baş verməsi Ermənistanın müharibə strategiyasının humanitar nəticələrini də ortaya qoydu. Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində işğal altındakı ərazilərin böyük hissəsi azad edildi və 30 ilə yaxın davam edən status-kvo dağıldı. Lakin 2020-ci il müharibəsi hər şeyi bir anda həll etmədi. Müharibədən sonra da Ermənistan daxilində revanşist yanaşmalar mövcud idi. Sərhəddə baş verən toqquşmalar, siyasi bəyanatlar və yeni hərbi eskalasiya təhlükəsi göstərirdi ki, Ermənistanın yeni reallığı tam qəbul etməsi üçün əlavə təzyiq və siyasi proses lazım gələcək. Bu prosesin kulminasiya nöqtələrindən biri 2023-cü ilin sentyabrında baş verdi.
Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində suverenlik tam bərpa edildi. Bununla da separatçı rejimin mövcudluğu sona çatdı və Ermənistanın Azərbaycan ərazisində hər hansı siyasi-hərbi təsir imkanları faktiki olaraq aradan qalxdı. Bu hadisə Ermənistan üçün təkcə hərbi deyil, həm də siyasi dönüş nöqtəsi idi. İrəvan artıq əvvəlki siyasi hesablamalarla hərəkət edə bilməzdi. Qarabağ məsələsindən istifadə etməklə Azərbaycanın daxili və xarici siyasətinə təsir göstərmək imkanları aradan qalxmışdı. Qarşıda yalnız bir real seçim qalırdı: Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək və münasibətləri sülh müqaviləsi əsasında normallaşdırmaq. Başqa sözlə, Ermənistanın sülhə yaxınlaşması boşluqda baş vermədi. Bu, regiondakı siyasi və hərbi reallığın dəyişməsinin nəticəsi idi.
Prezident İlham Əliyevin siyasətinin əsas xüsusiyyətlərindən biri hərbi qələbəni siyasi nəticəyə çevirməkdir. Azərbaycan 2020-ci ildə müharibəni qazandı. Lakin məsələ yalnız torpaqların azad edilməsi ilə bitmədi. Qarşıda daha çətin və uzunmüddətli mərhələ dayanırdı: yeni reallığın beynəlxalq səviyyədə qəbul etdirilməsi, Ermənistanın revanşist siyasətdən uzaqlaşdırılması və regionda davamlı sülh mexanizminin yaradılması.
Azərbaycanın irəli sürdüyü beş prinsip məhz bu strategiyanın siyasi ifadəsinə çevrildi. Bakı faktiki olaraq demək istəyirdi ki, müharibə bitib, indi isə münasibətlər yeni hüquqi reallıq əsasında qurulmalıdır. Bu yanaşmanın mühüm üstünlüyü ondan ibarət idi ki, Azərbaycan qalib tərəf olmasına baxmayaraq, sülh gündəliyini beynəlxalq hüququn prinsipləri üzərində qurdu. Bu isə Bakının mövqeyini diplomatik müstəvidə daha da gücləndirdi.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş və Azərbaycan-Ermənistan sülh sazişinin mətninin paraflanması prosesin ən mühüm siyasi mərhələlərindən biri oldu. Bu hadisəyə yalnız diplomatik protokol kimi yanaşmaq düzgün deyil. Vaşinqton görüşünün siyasi əhəmiyyəti ondadır ki, 2020-ci ildə hərbi yolla dəyişən reallıq artıq sülh sənədi vasitəsilə siyasi-hüquqi çərçivəyə salınırdı. Burada Azərbaycanın mövqeyinin dəyişməzliyi xüsusilə diqqət çəkir. Bakı əvvəlcə ərazi bütövlüyü və suverenliyin bərpasını tələb etdi. Daha sonra sülhün beş prinsipini irəli sürdü. Ermənistan isə prosesin müxtəlif mərhələlərində bu reallığa uyğunlaşmağa məcbur oldu. Bu baxımdan 2025-ci ilin avqustu Azərbaycan diplomatiyasının ayrıca bir mərhələsi kimi qiymətləndirilə bilər.
Tarix göstərir ki, hərbi qələbə ilə siyasi sülh arasında həmişə uzun məsafə olur. II Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Fransa ilə Almaniya arasında münasibətlərin yeni strateji əsaslara keçirilməsi illər çəkdi. 1963-cü ildə imzalanan Yelisey müqaviləsi Avropada keçmiş düşmənlərin yeni siyasi münasibətlər sisteminin formalaşmasında mühüm rol oynadı. Azərbaycan-Ermənistan prosesində isə hadisələrin dinamikası daha sürətli oldu. 2020-ci il müharibəsi, 2023-cü il antiterror tədbirləri və 2025-ci il sülh prosesində əldə edilən nəticələr arasında birbaşa siyasi əlaqə var. Bu mərhələləri bir-birindən ayırmaq mümkün deyil. Birinci mərhələ - hərbi qələbə. İkinci mərhələ - suverenliyin tam bərpası. Üçüncü mərhələ - yeni siyasi reallığın Ermənistana qəbul etdirilməsi. Dördüncü mərhələ - bu reallığın sülh sənədi ilə hüquqi müstəviyə keçirilməsi. Məhz buna görə Azərbaycan üçün əsas məsələ yalnız müharibədə qalib gəlmək deyildi. Əsas məsələ qalibiyyətin siyasi nəticələrini qorumaq və onu uzunmüddətli sülh arxitekturasına çevirmək idi.
Bu gün region dəyişib, siyasi balans dəyişib, təhlükəsizlik reallıqları dəyişib. Ermənistanın Azərbaycanla sülh münasibətlərinə getməsi artıq yalnız Bakının tələbi deyil, İrəvanın da strateji zərurəti kimi ortaya çıxır. Çünki regional kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi, sərhədlərin sabitləşməsi və Ermənistanın regional layihələrə inteqrasiyası birbaşa Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır.
Revanşist siyasətin davam etdirilməsi isə Ermənistan üçün yeni siyasi və iqtisadi risklər yarada bilər. Bu baxımdan sülh Azərbaycan üçün yalnız diplomatik uğur deyil, həm də təhlükəsizlik strategiyasıdır.
Azərbaycanın son illərdəki siyasətinə bütöv şəkildə nəzər saldıqda bir mənzərə ortaya çıxır. Bakı müharibəni yalnız hərbi meydanda qazanmaqla kifayətlənməyib. Azərbaycan əvvəlcə ərazi bütövlüyünü bərpa etdi, daha sonra suverenliyini tam təmin etdi, ardınca sülhün əsas prinsiplərini irəli sürdü və nəhayət, Ermənistanı həmin prinsiplər əsasında siyasi dialoqa gətirdi. Bu prosesdə İlham Əliyevin qarşısında duran əsas vəzifə müharibədə qazanılan qələbəni sülhdə itirməmək idi və ölkə lideri buna nail oldu.
Siyasət şöbəsi
Şərhlər