Xəbər lenti

Azərbaycan qlobal kibertəhlükəsizlik reytinqində rekord irəliləyişə imza atdı
Texnologiya 09:37 06.05.2026

Azərbaycan qlobal kibertəhlükəsizlik reytinqində rekord irəliləyişə imza atdı

Ölkələrdə kibertəhlükəsizlik vəziyyətinin qiymətləndirildiyi növbəti "Milli Kibertəhlükəsizlik İndeksi” Hesabatı açıqanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz və digər mütəxəssislər bildirib.

Son hesabat dövrü ilə hazırkı vəziyyət arasında dövlətlər üzrə ən böyük irəliləyiş Azərbaycanın tutduğu mövqedə qeydə alınıb. Belə ki, Azərbaycanın ümumi göstəricisinin (100 bal üzərindən) 75.83 baldan 83.33 bala çatdırılmasına, ölkənin mövqeyinin 21 pillə irəliləməsinə, yəni 52-ci yerdən 31-ci yerə yüksəlməsinə nail olunub.

145 ölkənin 49 indikator əsasında qiymətləndirildiyi indeks cədvəli üzrə reytinq sıralamasında Birləşmiş Ərəb Əmirlikləri 32-ci, Qazaxıstan 51-ci, Türkiyə 56-cı, Gürcüstan 63-cü, Ermənistan 95-ci pillədə qərarlaşıb.

Məlum olduğu kimi, son illər ərzində elektron sübutların toplanılması, saxlanılması, yoxlanılması və məhkəmədə sübut növü kimi qəbul edilməsi barədə normativ aktlara dəyişikliklər layihəsi Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən müvafiq sahədə ekspertlər heyəti də cəlb edilməklə işlənilib, Azərbaycan Prezidenti tərəfindən Cinayət-Prosessual Məcəlləyə müvafiq dəyişilikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim edilərək qəbul edilib.

Eləcə də, Azərbaycan dövləti həmin əməkdaşların aktiv iştirakı ilə layihəsi hazırlanmış BMT-nin 24 dekabr 2024-cü il tarixli Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya edən ölkələrdən (ratifikasiya proseslərini bitirmiş hazırda cəmi 3 ölkə) olub.

Həmçinin 2025-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən məktəblər üçün məcburi standartlar müəyyən edən yenilənmiş informatika kurikulumu hazırlanaraq qəbul edilib.

Qeyd olunanlar "National Cybersecurity Index” beynəlxalq Hesabatında Azərbaycanın qərarlaşdığı mövqeni bilavasitə dəyişdirən yeniliklər kimi göstərilib.


 


--> -->