Ölkə 10:53 03.09.2022

Azərbaycan Radiosunun tanınmış jurnalisti Rəsulzadəyə məktubunda nələr yazdı?

Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin məzunu, qurucu babalarımızın gənc nəslə tanıtdırılmasında gecə-gündüz sonsuz sevgi ilə çalışan Nəcibə xanım Bağırzadənin Azərbaycan Radiosunda efirə gedən verilişini bağlayıblar.

Qaynarinfo xəbər verir ki, bu haqda jurnalist öz sosial şəbəkə hesabında məlumat verib və bu məsələylə bağlı böyük öndərə ürəkağrıdan məktubunu yayımlayıb.

Məktubda deyilir:

"Möhtərəm Məhəmməd Əmin bəy! Bu məktubu Sizə böyük sarsıntılar içində yazıram. Çünki bu ölkədə döyə biləcəyim bir qapı, üz tuta biləcəyim bir ünvan bilmirəm. Mən ömrümün yarısından çoxunu vətən adlanan bu qürbətdə yaşadım. Bu vaxtadək özümdə mənəvi bir güc tapmışam, çünki insan haqlı olanda güclü olur. Mən sizin dediyiniz həqiqətin bir gün parlayacağına inanmışam. Bu gün yaşadığım sarsıntılar o inamı qırdı. 

Bu gün Azərbaycan Radiosunda müəllifi və aparıcısı olduğum "Gecənin aydınlığında" verilişi yenidən bağlandı. Öz şəxsi fədakarlıqları bahasına Cümhuriyyət quran, bayraq ucaldan, mühacirətdə vətən davası aparan, məzarı hələ də qürbətdə qalan insanlara özünü Cümhuriyyətin varisi elan etmiş bir ölkənin ana radiosunda ayda cəmi bir saatlıq verilişi çox görürlər. Həyat və fəaliyyəti cild-cild kitablara sığmayan qurucu babalarımıza cəmi bir-iki dəqiqəlik carx ayırmaq yetər dedilər. 

Bu, mənim aldığım ilk zərbə deyil. 2013-cü ildə "Azərbaycan həsrəti" kitabım nəşr ediləndən sonra məni xeyli incitmişdilər. O vaxt uzun illər işlədiyim radiodan səssiz-səmirsiz çıxıb getdim. Bir il işsiz qaldığım vaxtda "Uzaqdakı yaxınlar" kitabını yazdım. 2015-ci ildə mənə kənar müəllif kimi veriliş hazırlamağa icazə verildi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu, 30 ilin jurnalisti, müəllif və aparıcıya cəmi 100 manat qonorar ayırdılar. 2021-ci ildə müqavilənin bitməsi bəhanəsi ilə veriliş yenidən bağlandı. Noyabrda   məni bir tələbə statusunda!!! - yarım ştat!!! və bu gülünc qonorarla işə götürdülər. Şəxsi həyatımla bağlı olduğu üçün bunları heç vaxt dilə gətirməmişəm, çünki o verilişə qazanc mənbəyi kimi deyil, dinləyiciyə Cümhuriyyət sevgisini ötürmək üçün bir nəfəslik kimi baxmışam. Bu gün o nəfəsliyi yenidən bağladılar. Amma kadrlar şöbəsi məni işə az gəldiyimdən danlamaq üçün axtarır. 

1937-ci ildə Rəsulun həbsindən əvvəl işə gec getdiyi üçün töhmət verildiyini xatırladım. Doğrudur, zaman o zaman deyil. Amma bu zamanın üzü də aynalarda çox çirkin görünür. Fərqli düşünən insanları çörəklə imtahana çəkmək, çevrəsini daraltmaq, nəfəsliyini qapamaq mənəvi və maddi sıxıntılar içində səssiz ölümə sürükləməkdir. İllərlə içimdə daşıdığım bu yükü daşımağa artıq nə mənəvi, nə də fiziki gücüm çatmır. Bir insanı, heç bir dayağı olmayan bir qadını, ömrünü millətin ən böyük dəyərlərinə həsr etmiş bir yazı adamını illərlə, dönə-dönə yaralamaqla məndən nəyin, kimin qisasını alırlar? Bu, mənim Azərbaycan radiosunun əməkdaşı kimi yazdığım son yazıdır. Onu ürəyimdəki hansı ağrılarla  yazdığımı sizdən yaxşı kim duyar ki, möhtərəm Məhəmməd Əmin bəy...”