Bir məzarın dərinliklərindən çıxarılan kiçik bir heykəlcik Amerika qitəsinin kəşfi ilə bağlı tarixi dəyişdirə bilər. Elmi olaraq Qədim Roma dövrünə aid olduğu təsdiqlənən "Tecaxic-Calixtlahuaca Başı” romalıların Kristof Kolumbdan təxminən min il əvvəl Amerikaya çatmış ola biləcəyi ehtimalını yenidən gündəmə gətirib.
Qaynarinfo xəbər verir ki, Kristof Kolumbun 1492-ci ildə Amerikaya ayaq basması tarix kitablarında "Yeni Dünyanın kəşfi” kimi qəbul edilir. Lakin Meksikada tapılan bu kiçik artefakt bu qəbul olunmuş fikri şübhə altına alır.
"Tecaxic-Calixtlahuaca Başı” saqqallı bir kişini təsvir edir və üslubu yerli Mezoamerika sənətindən çox, Qədim Aralıq dənizi mədəniyyətinə bənzəyir. İlk dəfə 1933-cü ildə İspaniyadan əvvəlki dövrə aid, möhürlənmiş məzarda aşkar edilən bu tapıntı arxeoloqları "Romalılar Kolumbdan əvvəl Amerikaya gəlmiş ola bilərmi?” sualını verməyə vadar edib.
1960-cı illərdə alman arxeoloq Bernard Andreae bu artefaktı araşdıraraq onun "şübhəsiz Roma mənşəli” olduğunu bildirib. Onun sözlərinə görə, saqqal və saç üslubu Roma İmperiyasının təxminən eramızın 200-cü illərindəki Severlər sülaləsinə xas dəbləri əks etdirir. Termolüminessensiya analizi də obyektin Avropanın Amerika ilə rəsmi təmasından xeyli qədim olduğunu göstərir.
Lakin əsas sual açıq qalır: məzarın özü XV əsrin sonlarına, yəni Hernan Kortesin gəlişindən əvvəlki dövrə aid olduğu halda, Roma dövrünə aid bir əşya ora necə düşüb?
Okean axınları və itmiş gəmi ehtimalı
Əksər arxeoloqlar bu tapıntıya ehtiyatla yanaşır. Elmi yanaşmaya görə, qeyri-adi iddialar üçün qeyri-adi sübutlar tələb olunur. Tənqidçilər bildirirlər ki, Amerikada bu cür səyahəti təsdiqləyəcək heç bir Roma gəmisinin qalıqları və ya yaşayış izləri tapılmayıb.
Bəzi tədqiqatçılar isə artefaktın 1933-cü ildəki qazıntılar zamanı saxtalaşdırılaraq məzara yerləşdirildiyini və ya daha sonradan ora düşdüyünü iddia edirlər. Lakin qazıntı qeydlərinə görə, bu obyekt pozulmamış torpaq qatlarının altından çıxarılıb ki, bu da sonradan yerləşdirilmə ehtimalını zəiflədir.
Bu halda "təsadüfi əlaqə” nəzəriyyəsi ön plana çıxır. Bəzi alimlərin fikrincə, Aralıq dənizindən yola çıxan Roma, Finikiya və ya Berber gəmiçiləri güclü okean axınları nəticəsində yolunu itirərək Atlantik okeanını keçib Amerika sahillərinə çıxa bilərdi. Kanar axını kimi cərəyanlar əlverişli şəraitdə gəmini okeanın o biri tərəfinə apara bilər.
Əgər belə bir hadisə baş veribsə, gəmidəki əşyaların yerli əhali tərəfindən toplanaraq sonradan daxili bölgələrə qədər yayılması mümkündür.
"Tecaxic-Calixtlahuaca Başı” tarixə zidd görünən tapıntıların izah edilməsinin nə qədər çətin olduğunu bir daha göstərir. Uzun illər vikinqlərin Amerikaya çatdığı fikri də qəbul edilmirdi, lakin Nyufaundlenddə tapılan qalıqlar bu fikri təsdiqlənib. Bu kiçik Roma başı da gələcəkdə yeni sübutlarla tarixin hələ bilinməyən səhifəsini işıqlandıra bilər.
Aydın
Şərhlər